Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatın kursunun düşəcəyi barədəki xəbərdarlığı iki gündür ki, əhali arasında böyük ajiotaja səbəb olub. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatın kursunun düşəcəyi barədəki xəbərdarlığı iki gündür ki, əhali arasında böyük ajiotaja səbəb olub.

“Milli valyutaya qurban olum” - Müğənnilərdən SORĞU

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatın kursunun düşəcəyi barədəki xəbərdarlığı iki gündür ki, əhali arasında böyük ajiotaja səbəb olub.


Əhali dünən olduğu kimi bu gün də manatlarını dollara çevrimək üçün banklara və valyuta dəyişmə məntəqələrinə üz tutub.

Bəs, Azərbaycan şou-məkanının daimi sakinləri manatın məzənnəsinin dəyişəcəyi xəbərini necə qarşılayıb?

AzNews.az bununla bağlı sənət adamları arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik.



Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan: "Bankım yoxdur ki, narahat olam. Sənətkar adamam. Sənətkarı da xalq saxlayır. Qapımızı döyüb girirlər içəri, ruzi özü gəlir. Mən pul yığmıram. Məni xalq saxlayır. Manatın qalxıb düşməyində də bir dəlalətim yoxdur. Kurs-zad bilmirəm. 100 dollar cibimdə pul olur, gedib dünyanı firlanıram. Bakıya qayıdanda yenə o 100 dollarla geri gəlirəm. Konsertimizi veririk, üstəlik hədiyyələrimizi də qazanırıq".



Müğənni Abbas Bağırov: "Mən Azərbaycan manatını hər şeydən üstün tutmuşam və həmişə də üstün tutacam. Manat həmişə bütün pullardan, dollardan, hətta avrodan da üstün olub. Bunlar müvəqqəti şeylərdir. Dollar həmişə manatdan aşağı olub. Bu, Amerkanın müəyyən təzyiqləridir. Az vaxt keçəndən sonra manat yenə əvvəlki dəyərinə qayıdacaq".



Əməkdar artist Baloğlan Əşrəfov: "Nə baş verib axı? Belə şeydən qorxmaq lazım deyil. Bir balaca şey olan ki, əhali panikaya düşür. Elə də ciddi dəyişiklik yoxdur. Hərdən belə şeylər olur. Panikaya düşməyə dəyməz. Pul dəyişməyə də ehtiyac duymuram. Bəyəm mənim pulum aşıb-daşır? Müvəqqəti şey üçün dəyməz".



Əməkdar artist Cavan Zeynallı: "Nə dollarım var, nə də avrom. Milli valyutaya qurban olum. Manatdır, qazanıram, bala-bala da xərcləyirəm. Heç də düşünmürəm, narahat da olmuram. Qoy dolları olanlar narahat olsun. Dünyada ən böyük xöşbəxtlik qazandığını xərcləməkdir. Buna görə də çox rahatam".



Əməkdar artist Ədalət Şükürov: "Azərbaycanda manat xərclənirsə, onu manatla da qəbul etmək lazımdır. Bu, bizim Azərbaycan dövlətinə ziyan verməyəcək. Gərək bizim iqtisadşılar bununla bağlı rəsmi açıqlama versinlər ki, insanlar panikaya düşməsinlər. Azərbaycanda pulu dollarla deyil, manatla qazanırıq. Ona görə də manatı dollara dəyişməyə dəyməz".

Bahar RÜSTƏMLİ
AzNews.az