- Köhnə - Siyasət
- 10 Mart 2016 18:25
- 2 723
Mehriban Əliyeva: “Azərbaycan ilə Fransa arasında əlaqələr inkişaf edir”
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfiri Orelia Buşez ilə görüşüb.
AzNews.az xəbər verir ki, birinci xanım Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini, hər iki ölkənin dövlət başçılarının yüksək səviyyəli görüşlərinin bu əlaqələrin daha da möhkəmlənməsinə töhfə olduğunu bildirib. Azərbaycanda çoxlu sayda Fransa şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən Mehriban Əliyeva humanitar sahədəki əməkdaşlığı xüsusi vurğulayıb.
Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva, eyni zamanda, Azərbaycan və Fransa qanunverici orqanları arasında yaxşı əlaqələrin qurulduğunu da diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun prezidenti Fondun dəstəyi və təşəbbüsü ilə Fransada bir çox layihələr reallaşdırıldığını, bu layihələrin xalqlarımızın daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıb. Mehriban Əliyeva Fransanın ölkəmizdəki səfiri Orelia Buşezin dəstəyi ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycanın birinci xanımı ilə görüşməkdən şərəf duyduğunu deyən Fransanın ölkəmizdəki diplomatik missiyasının rəhbəri Azərbaycan- Fransa münasibətlərinin güclü olduğunu diqqətə çatdırdı. Orelia Buşez iki ölkə arasında inkişaf etməyən sahənin olmadığını bildirib.