- Köhnə - Siyasət
- 15 Mart 2016 17:34
- 4 278
“Bu, Türkiyəni sarsıda bilməz” - İlham Əliyev
“Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq”.
AzNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev bu gün Ankarada baş tutan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısından sonra keçirilən mətbuat konfransında deyib. O, bu addımların Türkiyəni yolundan döndərə bilməyəcəyini vurğulayıb.
"Əziz qardaşım, hörmətli cumhurbaşkanı. Əziz dostlar. İlk növbədə 2 gün bundan öncə Ankarada törədilmiş amansız terror aktına görə Azərbaycan xalqı və dövləti adından qardaş türk xalqına başsağlığı vermək istəyirəm. Allah ölənlərə rəhmət eləsin. Yaralılara Allah şəfa versin. Qurbanların yaxınlarına, qohum-əqrabalarına Allah səbr versin. Biz bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq. Və bir daha deyirik ki, biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, birliyimiz sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Və biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz. Məhz türk xalqının iradəsinə təsir edə bilməz, Türkiyəni haqq yolundan döndərə bilməz", deyə İ.Əliyev qeyd edib.
Aydan AXUNDOVA