İlham Əliyev fransalı deputatı qəbul etdi

Prezident İlham Əliyev Fransa Respublikası Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


AzNews.az xəbər verir ki, Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin Azərbaycanın yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafında onun rolunu xüsusi qeyd edib.

BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumuna toxunan Dövlət başçısı toplantıya artıq bir çox ölkələrdən qonaqların gəldiyini deyib və tədbirdə Fransanın geniş nümayəndə heyəti ilə təmsil olunmasından məmnunluğunu bildirib.

Prezident İlham Əliyev Forumun, eyni zamanda, ikitərəfli münasibətlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını vurğulayıb. Dövlət başçısı Jan-Fransua Manselin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə edib.

Fransa Respublikası Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel indiki mürəkkəb şəraitdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransa hökumətinin ədalətli mövqe nümayiş etdirməsi və Fransa ictimaiyyətinin Azərbaycanı daha yaxından tanıması istiqamətində işlər apardıqlarını deyib. Parlamentlərarası əməkdaşlığa toxunan Jan-Fransua Mansel Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə sıx dostluq və əməkdaşlıq əlaqələrini məmnunluqla qeyd edib.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən danışılıb, Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və bu əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd olunub.