Ermənistanın müdafiə naziri Seyran Ohanyan yenidən Moskvaya səfər edəcək. Ermənistanın müdafiə naziri Seyran Ohanyan yenidən Moskvaya səfər edəcək.

Ohanyan yenə Moskvaya gedir

Ermənistanın müdafiə naziri Seyran Ohanyan yenidən Moskvaya səfər edəcək.


Nazirin müavini David Tonoyan "Aykakan Jamanak" qəzetinə müsahibə verib. Jurnalistin "bizdə olan məlumata görə, Ohanyan yenidən silah satışı ilə bağlı Moskvaya gedir" sualına cavabında bunu təkzib etməyib. O deyib ki, Ohanyanın ezamiyyətləri barədə mətbuata müvafiq xəbərlər verilir.

Məlumata görə, səfər zamanı əsas müzakirə mövzusu Rusiyadan kredit əvəzinə alınan silahların Ermənistana daha tez göndərilməsi olacaq.

"Ermənistan və Rusiya arasında əldə olunan silah müqaviləsinin həyata keçirilməsində heç bir problem yoxdur. Hər bir tərəf öhdəliklərini yerinə yetirir. Amma yeni vəziyyətə uyğun olaraq silahların Ermənistana nəzərdə tutulandan tez bir zamanda çadırılması ilə bağlı iş gedir. Bu məsələnin həllində də heç bir maneə yoxdur. Ermənistan və Rusiyanın mütəxəssisləri bir yerdə effektiv işləyirlər", - deyə nazir müavini bildirib.

Amma silah alışını müzakirə etmək üçün Rusiyaya gedəcək Ohanyanın səfər tarixinin vaxtı açıqlanmır.

Ohanyan Moskvada sonuncu dəfə aprelin 27-də olub. O, həmin səfər zamanı 5-ci Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edib. Erməni nazir səfər çərçivəsində İranın müdafiə naziri Hüseyn Dehkanla görüşüb. Geniş tərkibli görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

O, Moskva səfəri zamanı Rusiyadan silah alışının sürətləndiriləcəyini demişdi. "Rusiyayla münasibətlərə gəlincə, Ermənistanın müdafiə naziri Rusiya ilə əvvəlki kimi əməkdaşlıq etdiklərini qeyd edib. Seyran Ohanyan bu sahədə "heç nə dəyişməyib" - deyə vurğulayıb.

Ötən il iyunun 26-da İrəvanda hökumətlərarası komissiyanın iclası çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollar kredit razılaşması imzalanıb. Bununla Rusiya Federasiyası hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırıb. Rəsmi Moskva 2016-cı il fervalın 10-da isə iki ölkə arasında kredit müqaviləsi qüvvəyə minib.

Rusiyanın Azərbaycana silah satması Ermənistanın narazılığına səbəb olub. Bu məsələ ötən ay cəbhə xəttində vəziyyət gərgiləşəndən sonra yenidən gündəmə gəlib. Məsələ ilə bağlı Rusiyanın rəsmiləri də açıqlama verməli olublar. Belə ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin ermənilərin iddialarına cavab olaraq bəyan edib ki, əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq.

"Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq. Biz bölgədən gedən kimi, Azərbaycan və Ermənistan ilə hərbi-texniki əməkdaşlığı dayandıran zaman ərazidə siyasətdə daha böyük qüvvələr peyda olacaq və onlar əsl real müharibə yaradacaqlar", - deyən Roqozin bununla da ermənilərin narazılığına baxmayaraq silah satışının davam edəcəyini deyib.

Cəbhə bölgəsindəki döyüş əməliyyatlarından sonra Bakıya səfər edən Rusiyanın baş naziri Dmitri Medvedev də ölkəsinə qayıdandan sonra silah satışı məsələsinə aydınlıq gətirib. Rus nazir jurnalistin "Azərbaycan və Ermənistana silah satışı davam edəcəkmi?" sualına belə cavab verib: "Rusiya hər iki ölkə ilə əməkdaşlıq əlaqələrinə malikdir. Rusiyanı həm Ermənistan, həm də Azərbaycanla çoxəsrlik münasibətlər bağlayır. Burada hər şey aydındır. Siyasi və hərbi məsələlərdə də Rusiya hər iki ölkəyə eyni gözlə baxır".


Anspress.com