“Ermənilərin sentyabra sağ çıxmasına imkan verməyəcəyik“ - İrəvanın şərhinə cavab

“Aprelin əvvəllərində baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən 800 hektar ərazi münasib bir vaxtda ya hərbi, ya da diplomatik yolla geri qaytarılacaq.


Bu barədə Ermənistanın hakim Respublika partiyasının deputatı Lernik Aleksanyan mətbuat konfransındakı çıxışı zamanı deyib.

"Unutmaq lazım deyil ki, iyunda baş tutacaq Ermənistan və Azərbaycan prezidentlərinin görüşü çox şeyi həll edəcək. Ermənistan sentyabrın 1-nə qədər mövqelərin ilkin vəziyyətinə qaytarılmasında təkid edir. Bura həmçinin azad edilən 800 hektar ərazi də daxildir. Ona görə də tələsmək lazım deyil", - deyə o qeyd edib.

Onun sözlərinə görə, itirilmiş ərazilər istənilən münasib vaxtda qaytarıla bilər.

Erməni deputatın açıqlamasına münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov müsahibəsində bildirdi ki, qarşı tərəf son vaxtlar çox sayda oxşar bəyanatlar səsləndirməyə başlayıblar:

"Ancaq bu bəyənatlar kənardan baxıldıqda çox gülünc görünür. Çünki Serj Sarkisyanı hakimiyyətdə saxlayan və həmin şəxsləri danışdıran konkret qüvvələr var. Həmin qüvvələr belə bəyanatların səslənməsi üçün dəridən-qabıqdan çıxırlar. Özü də bu bəyanatlar planlı şəkildə səsləndirilir. Onların belə çıxışlar etməsinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin laqeyd münasibəti də xüsusi imkan yaradır. Ermənistan tərəfi danışdıqca beynəlxalq təşkilatlar susur. Çünki ATƏT-in həmsədrləri Ermənistan tərəfinə sual versə ki, siz danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanıyırsızsa, necə olur ki, belə bəyanatlar səsləndirə bilirsiz?. Axı Azərbaycan tərəfi ilə işğal edilmiş rayonların geri qaytarılması üçün danışıqlar aparırsız. Bu danışıqlar davam etdiyi vaxtda necə olur ki, apreldə azad edilən torpaqlar; geri qaytarmaq üçün belə fikirlər səsləndirirsiz? Ancaq bütün bu suallar qarşı tərəfə verilmədiyi üçün Ermənistan tərəfi aprel döyüşlərində itirdikləri əraziləri geri qaytarmağa iddia edirlər. Bu böyük həyasızlıqdır".

Üzeyir Cəfərov deyir ki, erməni deputatın sentyabra qədər torpaqları geri alacağı barədə bəyanatı cəfəngiyyatdır: "Əgər prezidentlərin iyunda baş tutacaq görüşündə konkret nəticələr əldə edilməzsə, Azərbaycan əsgəri onsuzda həmin ermənilərin əksəriyyətinin heç sentyabr ayına sağ çıxmasına imkan verməyəcək. Onlar sadəcə danışıqlar öncəsi görüntü yaratmaq, diqqət cəlb eləmək üçün belə pafoslu çıxışlar edirlər. Ərazilərin sentyabra qədər geri qaytarılma heç bir halda baş tuta bilməz. Çünki iyul-avqust aylarında istirahətə yollanan Ermənistanın hökümət nümayəndələri sentyabrdan başlayaraq yenə belə çıxışlar səsləndirməyə başlayacaqlar. Ancaq əməldə bu danışıqların heç biri baş tutmayacaq".

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşünnü Fransada baş tutması gözlənilir. Bunu Fransa strateji araşdırmalar Fondunun eksperti, politoloq Kayts Minasyan "Jamanak" qəzetinə müsahibəsi zamanı deyib.

"Görüşün baş tutması üçün bəzi məsələlər həll olunmalıdır. Məsələn, dəqiqləşdirmək lazımdır ki, bu görüşü kim təşkil edəcək. Bu, Fransanın xarici işlər naziri Jan-Mark Eyro, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir, yoxsa prezident Fransua Olland olacaq", - deyə Minasyan bildirib.

O əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlər ölkələri olan Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri - Sergey Lavrov və Con Kerrinin bu dəfəki görüşdə iştirak edib-etməyəcəyi bilinmir. "Amma əgər bu görüş Vyanadakı görüşün davamı kimi olacaqsa, onda onların iştirakı da vacibdir".

Azərbaycan prezidenti İlham Əliyevlə Vyana görüşlərindən geri dönən Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan silahlı qüvvələrinin aprel döyüşlərində cəmi 800 hektar işğal olunmuş ərziyə nəzarəti itirdiyini bildirib. Eyni zamanda Sarkisyan Ermənistan silahlı qüvvələrinin ümumuilikdə 800 min hektar Azərbaycan ərazisini işğal etdiyini etiraf edib.

Əslində isə Ermənistan prezidentinin etirafı tam olmayıb. Çünki Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşüb, Azərbaycanın 12246.6 kvadrat km, yəni 1,22 milyon hektar ərazisi işğal edilib.

Sarkisyanın bu bəyanatından sonra açıqlama verən Azərbaycanın Müdafiə Nazirliyi erməni silahlı qüvvələrinin hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələrinin Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdiyi barədə məlumat yayıb.

Nazirlik bildirib ki, Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.


Anspress.com