Özbəkistanda bu gün prezident seçkiləri keçirilir

Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.



APA-nın "RİA Novosti"ə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılıb, saat 20.00-da (Bakı vaxtı ilə 19.00) bağlanacaq.

Ölkədə rəsmən fəaliyyət göstərən 4 partiyanın hər biri seçkilərdə namizədi ilə iştirak edir.

Qeyd edək ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində həyatını itirib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir. Politoloqlar seçkilərdə prezident postuna əsas namizədin də Ş. Mirzəyev olduğu qənaətindədirlər.

Ş. Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası tərəfindən irəli sürülüb. Parlamentin aşağı palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.

Seçkilərdə 21,4 milyon vətəndaşın səs verəcəyi gözlənilir. Seçkinin ilkin nəticələrinin sabah səhər açıqlanacağı gözlənilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Ağalar Vəliyev Özbəkistanda keçiriləcək prezident seçkilərini izləmək üçün Daşkəndə səfər ediblər.

Parlamentin nümayəndə heyəti beynəlxalq müşahidəçilər qismində seçki prosesində iştirak edirlər. Deputatlar ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyət ilə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcəklər. Səfər dekabrın 5-də başa çatacaq.

AzNews.az