Aleksey Navalnıy Rusiya prezidentliyinə namizədliyini açıqladı

Sabiq iş adamı, müxalif siyasətçi Aleksey Navalnıy Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.


APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, A. Navalnıy bu barədə öz tərəfdarlarına məktubunda bildirib. "Mən mövcud hakimiyyətin saxtakarlıqları və təbliğat maşınına qarşı müqavimətin nə qədər çətin olduğunu başa düşürəm. Yaxşı anlayıram ki, hətta namizəd olmağım asan başa gəlməyəcək", - deyə o, söyləyib.

A. Navalnıyın fikrincə, 2018-ci ildə proqram və ideyaların rəqabəti olmalı, təkcə bir şəxs yox, ölkənin inkişaf yolu seçilməlidir: "Mənim Putin və Kremlin təklif etdiklərindən daha yaxşı proqramım var. Rusiya zəngin, azad və güclü dövlət olmalıdır. Bizdə bunun üçün hər şey var: istedadlı insanlar və təbii ehtiyatlar. Mən seçkilərə Rusiyanı müasir və ədalətli dövlətə çevirmək üçün gedirəm".

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi A. Navalnıy haqqında "Kirovles" işi üzrə çıxarılmış hökmü ləğv etdikdən sonra siyasətçi seçkidə iştirak hüququ qazanıb. Prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.

Xatırladaq ki, A. Navalnıy 2013-cü ildə Moskva meri seçkilərində iştirak edib və rəsmi məlumata görə, 27% səs alıb.

AzNews.az