Döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının azaldılması barədə fikirlər həqiqəti əks etdirmir Döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının azaldılması barədə fikirlər həqiqəti əks etdirmir

Müdafiə Nazirliyi təkzib edir

Döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının azaldılması barədə fikirlər həqiqəti əks etdirmir




"Döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının azaldılmasına dair səslənən fikirlər həqiqəti əks etdirmir və bir sıra hallarda şişirdilmiş "faktlarla" ictimai rəydə çaşqınlıq yaradır".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin "Ehtiyatda və İstefada Olan Zabitlər" İctimai Birliyinin keçirdiyi mətbuat konfransında səsləndirilmiş fikirlərə dair yaydığı açıqlamada bildirilib.

Məlumatda qeyd olunub Ki, Nazirlər Kabinetinin 8 iyun 1998-ci il tarixli qərarı ilə hərbi qulluqçuların vəzifə maaşları orta hesabla 3.5, hərbi rütbəyə görə maaşlar isə orta hesabla 2 dəfə artırılıb. Həmin qərarla da döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların vəzifə və rütbə maaşları ikiqat həcmdə ödənilməyə başlanılıb: "Bildiririk ki, Nazirlər Kabinetinin bu qərarı təkcə Müdafiə Nazirliyinə deyil, həm də döyüş əməliyyatlarında iştirak etmiş digər güc strukturlarının hərbi qulluqçularına da şamil olunub.

Müdafiə nazirinin müvafiq əmri də məhz Nazirlər Kabinetinin həmin qərarına əsaslanıb. Beləliklə, adı çəkilən normativ hüquqi aktların qəbul edilməsi nəticəsində döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların pul təminatı nəinki azalıb, əksinə orta hesabla 2.5 dəfə artıb. Bu səbəblərə görə də ictimai birliyin Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddialar məhkəmələr tərəfindən rədd edilib".

Qeyd edək ki, yanvarın 30-da "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi tərəfindən Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət etmiş hərbi qulluqçuların hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, cəbhə bölgəsində xidmət edən zabitlərə üçqat əmək haqqının verilməsi barədə hökumətin qərarı qüvvədə olduğu halda müdafiə naziri Səfər Əbiyev 1998-ci ilin iyun ayında əmək haqqının ikiqat ödənilməsi barədə əmr imzalayıb və bu əmr hərbi hissələrdə dərhal icra yönəldilib.

Tədbirin təşkilatçıları bununla bağlı prezident İlham Əliyevə, Ombudsman Elmira Süleymanovaya və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət imzalayıb. Həmçinin zabitlər məsələ ilə bağlı Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul ediblər.

AzNews.az