Gülər Əhmədovanın gözəllik salonu da əlindən alındı

Sabiq YAP-çı deputat Gülər Əhmədovanın fevralın 13-də baş verən qəfil həbsi ölkə gündəminin əsas mövzusu olaraq qalmaqdadır. Biabırçı rüşvət videoqalmaqalının qurbanı olan sabiq deputatın artıq bütün əmlakı siyahıya alınıb. Xatırladaq ki, bununla bağlı ilk olaraq AzNews.az xəbər portalı məlumat yaymış və sabiq millət vəkilinin çirkli pullarla aldığı obyektlərinin ilkin siyahısını vermişdi.

Bu gün isə Müsavat.com saytı mövzuyla bağlı yeni faktlar yayıb. Yayılan xəbərlər arasında o da var ki, sabiq deputatın paytaxt Bakıdakı bir neçə böyük obyekti müəyyənləşib. Xəbərdə deyilir ki, sonuncu dəfə Gülər Əhmədovanın Bakının mərkəzində, "İçərişəhər" metrosunun yaxınlığında, Şeyx Şamil küçəsi, 2 ünvanında yerləşən və qadın gözəllik mərkəzi kimi fəaliyyət göstərən "Monika beauty center" salonu istintaq qrupu tərəfindən ələ keçirilib. İki mərtəbədən ibarət olan və 132 saylı orta məktəbə bitişik bu bina indi iki ayrı firmaya icarəyə verilib.

Sabiq YAP-çı deputata məxsus olan və ərzaq və uşaq oyuncaqları mağazalarının yerləşdiyi obyektin yeni sahibinin kimliyi isə bilinmir. Mağazanı icarəyə götürdüklərini deyən obyektin işçiləri bu binanın əvvəllər "Monika" gözəllik salonu kimi fəaliyyət göstərdiyini təsdiqləyiblər. Onlar biliriblər ki, bir müddət əvvəl gözəllik salonu buradan çıxarılıb və boş yer icarəyə verilib.

Qeyd edək ki, ötən ilin iyununda "Monika" gözəllik salonunda qalmaqal yaşanmışdı. Türkiyədən dəvət edilmiş usta həmin gözəllik salonunda vəhşicəsinə döyülmüşdü. O zaman yayılan xəbərlərdə deyilirdi ki, türk ustanı deputat G.Əhmədova özü döydürüb. Hadisəyə səbəb isə məşhur usta ilə deputat arasında pul mübahisəsinin olması göstərilirdi. Bülənt adlı ustaya ayda 10 min dollar ödəyəcəyinə söz verən G.Əhmədova sözünü tutmamışdı. Mübahisə nəticəsində Bülənt adlı usta ölümünə döyülmüşdü.

Xatırladaq ki, aparılan istintaq zamanı G.Əhmədovanın qeyri-qanuni yolla əldə etdiyi bütün mülklər müəyyənləşidiyini yazmışdı. Bildirmişdik ki, bu mülklər milyonlarla manat dəyərindədir. Bakının müxtəlif yerlərində, əsasən mərkəzdə olan 9 mənzil, 4 böyük bağ evi və 4 iri sahəli obyekt G.Əhmədovanın mülkləri sırasındadır. Yaxın günlərdə onların da müsadirə olunacağı gözlənilir.

AzNews.az