"Müsavat partiyasında olmaqdan həmişə məmnun olmuşam" "Müsavat partiyasında olmaqdan həmişə məmnun olmuşam"

“Azərbaycan iqtidarı indiki qədər öz hakimiyyətində zəif olmamışdı“

"Müsavat partiyasında olmaqdan həmişə məmnun olmuşam"



İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, Müsavat Partiyasının divan üzvü Qubad İbadoğlunun "Qafqazinfo"ya müsahibəsini sizlərə təqdim edirik:

- Qubad bəy, ölkə prezidenti bu yaxınlarda Qobuya səfəri zamanı çıxışında qeyd etdi ki, 5 il ərzində ölkədə bütün sosial, iqtisadi, ifrastruktur baxımından bütün problemlər həll olunacaq. Sizcə bu mümkündürmü?

- Hesab edirəm ki, mümkün deyil. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. İnfrastuktur işləndikcə həm fiziki cəhətdən köhnəlir, həm də mənəvi cəhətdən aşınır. Belə olan halda onun yenilənmək zərurəti yaranır. Əgər biz indiki beşillikdə mövcud infrastrukturu yeniləşdirəcəyiksə, sonrakı beşillikdə onun təmiri və bərpa işləri ilə məşğul olmaq məcburiyyətində qalacagıq. Digər tərəfədən yeni ərazilərdə məskunlaşanlar üçün yeni infrastruktura yaradılmaldır. Bu fasiləsiz prosesdir. İnfrastukturu problemlərini bütövlükdə və tam şəkildə həll etmək mümkün deyil. O baxımdan düşünürəm ki, bir tərəfdən obyektiv olaraq qarşıya hədəf qoyub ona çatmaq mümkün olmayacaq. Digər tərəfdən də bunun daha əsaslı subyektiv səbəblər vardır. Bu korrupsiya və pis idarəçilikdir. İnfrastruktur layihələrinə indiyədək xərclənmiş pulları səmərəli istifadə etsəydik, yəqin ki, mövcud infrastukturun böyük əksəriyyətini yeniləşdirmişdik. Ən vacib olan kanalizisiya, su, qaz, elektrik təminatı olan bağlı müəyyən işlər görülüb. Bu məqsədlə hər il dövlət büdcəsindən milyardlarla vəsait ayrılır. Məsələ burasındadır ki, biz bu infrastruktur layihələrinə başlamamışdan əvvəl yolların qurulması layihələrinə start verdik. İnfrastrukturun yenilənməsinin vahid və kompleks planı olmadığına görə bir təşkilar tikinti, digər təşkilat isə yeni tikililəri sökməklə məşğul olur. Bu da maliyyə baxımından əlavə xərclər tələb edir, həm də zaman baxımından infrastrukturun yenilənməsi prosesini uzadır. Digər tərəfdən də burda mütləq dövlətlə biznesin əməkdaşlığı olmalıdır. Biz birinci növbədə, kommunal sektoru islahata cəlb etməliyik. Bu da son nöqtədə kommunal sektorda tariflərin bahalaşmasına gətirib çıxaracaq.

- Sizcə bu çıxışlar nəyə əsaslanıb?


- Bunlar siyasi bəyanatlardır və seçkiyə hesablanıb. Eyni zamanda əhalini düşündürən infrastruktur layihələrinin tikintisi və söküntü ilə bağlı işlərinin nə vaxtadək davam edəcəyi ilə sualları ilə əlaqədardır. Xüsusilə də Bakı şəhərində yaşayanlar bu tikinti-söküntü işlərinin daha ciddi fəsadlarını görürlər. Deyək ki, yolda təmir işi ilə bağlı tıxaclar olur, kommunikasiya və kommunal təminatlarda problemlər yaranır. Bu da Azərbaycan əhalisinin böyük hissəsi qayğılandırır. Onları da bir sual düşündürür. Axı bütün bunlar nə zaman qurtaracaq? Eyni zamanda əhali həm də hesab edir ki, burada böyük bir korrupsiya, mənimsəmə var. Heç də əsas məqsəd infrastukturun yenilənməsi deyil. Bu görünür həmin əhali qrupuna da mesajdır ki, dözün, səbr edin, 5 ildən sonra belə hallar olmayacaq.

- İqtidar Azərbaycan iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat adlandırır. Sizcə, bu belədirmi?


- Təbii ki, yox. Azərbaycan iqtisadiyyatı 2006-ci ildə 34,5 % lik artıma məruz qalıb. 2011-ci ilin yekunlarına görə isə cəmi 0, 1% artım oldu. Heç bir ölkə iqtisadiyyatında 5 ildə 350 dəfə azalma müşahidə olunmayıb. Ötən il üçün 2,2 % iqtisadi artım olub. Bu il üçün də gözləntilərimiz ola bilsin ki, bir qədər çox olsun.

- Bu yaxınlarda Avropa Birliyi adından Azərbaycanda rəy sorğusu keçirilmişdi. Nəticələrə görə əhalinin 65 faizi öz həyatından razı olduğunu bildirmişdi. Siz bu nəticəyə şübhə ilə yanaşdığınızı və araşdıracağınızı qeyd etmişdiniz. Araşdırdınız?


- Mənim də indiyə qədər apardığım araşdırmaların nəticəsi onu deməyə əsas verir ki, sorğuda respondentlərin cavabları səmimi olmayıb. Ola bilsin ki, respondentlərin cavabları sonradan müəyyən məqsədlər üçün dəyişdirilib. Ya da onlar varlı qrupun təmsilçiləri olublar. Mən inanmıram ki, özünə hörmət edən hər hansı sorğu təşkilatı cavabların saxtalaşdırılması ilə məşğul olsun. Respondentlər ümumiyyətlə gəlirləri barədə məlumatları başqaları ilə bölüşməkdə xəsisdirlər, onu gizlətməkdə maraqlıdırlar. Amma xərclərini çox həvəslə açıqlayırlar. Sorğunun həqiqətə uyğun olmadığını sübut etmək üçün dəlillərimiz var. Bizim apardığımız sorğular da var, onlardan əks nəticələr göstərir.

- Bu il ölkədə mühüm ildir. Sizcə seçki ili olduğu prosesərdə özünü büruzə verir, yoxsa durğunluqmu var?


- Müxalifət və iqtidar düşərgələrində müxtəlif müzakirələr gedir. Yerli səviyyədə gedən prosesər əvvəlki illərlə müqayisədə o qədər də əhatəli və intensiv görsənməsə də beynəlxalq səviyyədə Azərbaycana xeyli diqqət vardır. Bu da seçki ili əlaqədardır. Çünki indiyə kimi xaricilərin diqqəti ölkəyə o qədər də geniş olmamışdı. Hazırda beynəlxalq qurumlarla görüşlər zamanı əsas müzakirə mövzusu seçkidir.

- Sizcə, ümumiyyətlə aparılan müzakirələrin nəticəsi müxalifətin birliyinə gətirib çıxaracaqmı?


- Müxalifətin birliyi məsələsi mənimlə müzakirə olunmur. Biz QHT-lərin, vətəndaşların seçkidə rolunun artırılması ilə bağlı müzakirələrə cəlb olunmuşuq. Bizim əsas istəyimiz milli və dövlətçilik maraqlarını üstün tutan müstəqil QHT-lərin prosesə töhfə vermək imkanlarına malik olmalıdır. Kimisə monitorinq aparar, maarifləndirmə və işin media tərəfini yaxşı təşkil edə bilər. Ona görə də resursları cəlb edib Azərbaycanda azad və ədalətli seçkinin təminatı əsasında çalışmaq niyyətindəyik.

- Siz ölkədə aparıcı müxalifət partiyası olan Müsavat partiyasının divan üzvüsünüz. Neçə ildir ki, Müsavatdasınız?


- Mən 1996-cildə siyasətə gəlmişəm. Elmi fəaliyyətimin bir mərhələsini başa çatdırdım və hesab etdim ki, siyasi proseslərdə də iştirak məqsədəuyğundur. Qərar verdim ki, Müsavat Partiyasını seçim. Müxtəlif dövrlərdə partiyanın divan üzvü olmuşam, iqtisadi siyasət komissiyasına rəhbərlik etmişəm. Hazırda da divan üzvüyəm. Proseslərdə aktiv iştirak etməyə çalışıram.

- Nədən Müsavatı seçdiniz, məsələn digər aparıcı müxalifət partiyası olan AXCP də var idi...


- Bir çox amillər var. Müsavatın şərəfli tarixi, proqramı və Müsavatçılığın cəmiyyət üçün əhəmiyyətli olan təməl prinsipləri məni çoxdan cəlb edirdi. Müsavatın o zamankı və indiki dövrdə yeritdiyi siyasi xətt, onun rəhbərliyi və nümayiş etdirdiyi mövqe 1996-cı ildə Müsavatı seçməyimdə əhəmiyyətli rol oynadı. İndiki halda Müsavat başqanının indiyə qədərki fəaliyyəti, Müsavatda daxili demokratiyanın mövcudluğu bu partiyada fəal olmaq üçün əsaslar yaratdı. Müsavat partiyasında olmaqda həmişə məmnun olmuşam. Hesab edirəm ki, seçimim düzgün olub. İndiki halda partiyanın müxalifət düşərgəsində rolunu çox yüksək qiymətləndirirəm və onun uğurlu gələcəyinə inanıram.

- Siz Müsavatın yarandığı dövrdəki uğurlarından danışdınız. İndiki halda Müsavat partiyası iqtidarın apardığı siyasətə təsir etmək imkanları nə qədərdir? Xalqın gözləntisi, həm də müxalif düşərgənin istədiyi birliyə 20 ildir ki, nail ola bilməyiblər...


- Müsavat Partiyası ikitərəfli və çoxtərəfli müxtəlif koalisiyalarda birliyin həm təşəbbüskarı, həm də iştirakçısı olub. Təbii ki, partiyalar arasında rəqabət, məsələlərdə fikir ayrılığı olmalıdır. İndiki halda seçkidə vahid namizəd, platforma ilə çıxış etmək üçün müzakirələr gedir və Müsavat Partiyası da proseslərə töhfə verir, yenə də verəcək. Bu məsələnin yekunda xalqın gözlədiyi şəkildə nəticələnəcəyinə ümidim var. Hazırda konsolodasiya prosesləri sürətlənir, yeni formatlar yaranır, təşəbbüslər irəli sürülür. Odur ki, nikbinəm.

- Dediyiniz o yeni formatlardan biri də Milli Şuradır. Onun tərkibində birləşməyi nəzərdə tutursunuz?


- Müzakirələr gedir, yəqin ki, bu formatda birlik üçün bir platforma rolunu oynayacaq. Ona görə də indiki halda müzakirələrə normal yanaşıram. Müzakirələrin uzanmasından da narahat olmaq olmaz. Çünki bu çox məsuliyyətli prosesdir.

- İdeyanın müəllifi olan Rüstəm İbrahimbəyov da prosesin ləng getməsindən narahatlığını bildirmişdi...


- Rüstəm İbrahimbəyovun narahatlığını başa düşmək olar. Amma onun müxtəlif səbəbləri ola bilər. Ola bilər ki, onun məlumatlandırılması kifayət qədər intensiv olmayıb. Amma məndə olan məlumata görə, həqiqətən də proses gedir, yaxın günlərdə nəticələr də elan olunacaq.

- Məlumatlısınız gedən danışıqlardan?


- Mən müzakirələrə birbaşa cəlb olunmamışam. Amma Müsavat başqanı gedişat barədə divan üzvlərini müntəzəm olaraq məlumatlandırır və məsləhətləşmələr aparır.

- Eyni zamanda beynəlxalq təşkilatların da müxalifətdən əsas istəyi birliyin əldə olunmasıdır...


- Çox müxtəlif yanaşmalar var. Hesab etmirəm ki, hamısı birlik istəyir. Əvvəla, beynəlxalq təşkilatlar istəyirlər ki, ölkədə vəziyyəti dəyişsinlər. Vəziyyəti dəyişmək üçün də mərkəzləşdirilmiş güclü resusrslara malik olan ciddi alternativlər yaradılmalıdır. Onların maraqları Azərbaycanda ədalətli, azad və rəqabətli seçkinin baş tutmasıdır. O istiqamətdə də təbii ki, beynəlxalq təkilatlar müzakirələr aparırlar. Seçki qanunvericiliyi, seçki təbliğatı məsələlərini daha çox beynəlxalq qanunvericiliyə uyğunlaşdırmaqdan ibarətdir.

- Həmin o beynəlxalq təşkilatlar mövcud hakimiyyətə söz yeritmək iqtidarındadırmı və yaxud bunu içdən istəyirmi?


- İnstitutlara baxır. Mən hesab etmirəm ki, Azərbaycanda hakimiyyət yalnız öz qərarları ilə çalışır. Ətrafda baş verənləri izləyir, ordan da müəyyən nəticələr çıxır. Bu istiqamətdə də iqtidarın beynəlxalq təşkilatlarla məsləhətləşmələri gedir. Ola bilər ki, bunların təklifləri, tövsiyyələri sadəcə dinlənilir və böyük əksəriyyəti qəbul olunmur. Bir sıra beynəlxalq təşkilatlar həqiqətən də Azərbaycanın inkişafında , sabitliyində və təhlükəsizliyində maraqlıdırlar. Əvvəl-axır Azərbaycan iqtidarı onların tövsiyyələrini qəbul etməyə məcbur olacaq. Çünki bu tövsiyyələr illərin sınağından keçib və yaxşı nümunələr ortaya qoyub. Başqa alternativlərin olmadığı şəraitdə Azərbaycan iqtidarının bu tövsiyələri dəyərləndirib qəbul etməyə vaxtı hələ ki, var, amma o çox məhduddur.

- Sizin də məruzə ilə çıxış etdiyiniz Azad Fikir Universitetini iqtidar bağladı. AFU-ya qarşı hücumların səbəbi nədir?


- Azad fikir bu hakimiyyəti narahat edir. Çünki orada toplaşan gənclərin sayı , səviyyəsi də ildən-ilə artıb yüksəlirdi. Ordakı debatlar hesab etmirəm ki, hamısı siyasi idi. Mən dəfələrlə orada iqtisadi məsələlərlə bağlı təlimatlar etmişdim. Düşünürəm ki, hazırda baş verənlər qarşıdan gələn seçki ilə bağlı məsələdir. Düşünürəm ki, indiki halda həm televiziyalarda, mediada diskusiya mərkəzlərindəki debatlara məhdudiyyətlər Azərbaycan cəmiyyətində azad fikrin, müstəqil sözün təhlükəsindən iqtidarın qorxduğunun ifadəsidir.

- Bir müsahibəmdə də bu məsələyə toxunmuşdum . Siz də oranın aktiv məruzəçilərindən olduğunuz üçün yenə də toxunmaq istəyirəm. Bir sıra xarici ekspertlər öz çıxışlarında belə mərkəzlərin maliyyə mənbələri və əsl istəklərinin nə olduğu barədə sürəkli müzakirələr aparırlar. Olmazmı ki, beynəlxalq təşkilatların dəstəyi olmadan ölkədə yerli qüvvələrin milli mənəvi dəyərlər ətrafında təşkilatlandırasınız?


- Bu müzakirələrdə yetişən gənclər şübhəsiz ki, milli mənəvi qüvvələrdir. O proqramların heç birində şərt qoyulmayıb ki, ora məhz Qubad İbadoğlu gəlməlidir. Proqramın əsasını Azərbaycan dövlətçiliyini istəyən, onun inkişafında maraqlı olan çox istedadlı sağlam gənclər təşkil edir. Onlarda mövcud problemlərin həllinə diskusiyalarla, debatlarla dəstək olmaq istəyirlər. O baxımdan inanmıram ki, orda hansısa xarici dövlətlərin maraqları aparıcı rol oynasın. Digər tərəfdən də həmin dövlətlərin maraqları Azərbaycanda azad və demokratik cəmiyyət quruculuğudursa, onun nəyi pisdir? Axı bu istiqamətdə gedən müzakirələr bir növ Azərbaycanda uzunmüddətli dövrdə sabitliyin və təhlükəsizliyin təminatına xidmət edir. Xarici qüvvələrin böyük əksəriyyəti də bu maraqlar üçün çalışırlar. Azərbaycanda belə müzakirələr həqiqi universitetlərdə getsəydi, AFU-ya ehtiyac qalmazdı. Xüsusilə də, siyasi debatlar ayrı-ayrı dövlət unuversitetlərində keçirilmir. Çünki orada akademik azadlıqların səviyyəsi aşağıdır. Bu gün çox təəssüf ki, belə akademik müzakirələr məkanı çox azdır. Ona görə də, AFU önə çıxmaq imkanı qazandı. AFU hətta milli donordan vəsait alsa, başqa strategiya seçməyəcək. Çünki AFU-nun proqramında nə varsa, o da müəyyən dövr üçün həyata keçirilməsi nəzərdə tutulur. İndiki halda da onun maliyyələşmə mənbələri, proqramın məzmununa, mahiyyətinə əhəmiyyətli təsir göstərmir. Mən sadəcə olaraq orada akademik azadlıq gördüm. Düşünürəm ki məsələnin belə qoyulması xüsusilə AFU kimi sağlam və maarifləndirmə düşüncəyə malik olan institutun bununla əlaqələndirilməsi düzgün deyil. Ola bilər ki, hansısa başqa təşkilatların maliyyələşməsində hansısa fikrin və yaxud strategiyanın formalaşmasında rolu var. Onu mən istisna etmirəm. Nəzərə alaq ki, Azərbaycan hakimiyyətinin ayrı-ayrı dövlət orqanları da xaricdən pul alır. Dövlətin təşkilatlarının aldığı qrantlar QHT-larının aldığı qrantlardan yüz dəfələrlə çoxdur. QHT-lər hesabatlar verirlər, müəyyən məlumatları bölüşürlər, amma dövlət orqanları aldıqları qrantlar barədə məlumat vermir. Bəzən görürsən ki, bir mənbədən həm QHT, həm də dövlət orqanın təşkilatına qrant verirlər. Dövlət orqanı aldıqda bunu milli mənəvi dəyərlərə xidmət hesab edirlər, QHT-lər aldıqda isə qeyri-milli və sağlam olmayan dəyərlərə xidmət edirlər deməyin özü yanlışdır.

- Mediada bir vaxtlar sizin Müsavat başqanı olmaq istəyiniz barədə iddialar var idi. İndi nə düşünürsünüz?


- İndiki halda bizi bugün Müsavat Partiyasının seçkiyə hazırlıq prosesində iştirakı və qələbəsi daha çox düşündürür. Doğrusu, partiyada hələ bu müzakirələr başlamayıb. Çünki bunun üçün əsaslar da yoxdur. Yəqin ki, seçkidən sonra bu məsələlər yenidən gündəmə qayıda bilər. O zaman yeni situasiya yaranacaq və o situasiyada Müsavat Partiyasının üzvləri onun güclənməsi onun güclənməsinə və inkişafına xidmət edən hansısa qərar və xətt tutacaqlarsa, mən də onu müdafiə etmək niyyətindəyəm. Əlbəttə ki, Müsavat Partiyası kimi şərəfli tarixi olan və Azərbaycanın demokratikləşməsindı əhəmiyyətli rol oynayan partiyanın başqanı olmaq həm məsuliyyət, həm də böyük şərəfdir. Onu da qeyd edim ki, hazırda partiyada Müsavatın başqanı olmağa kifayət qədər layiqli şəxslər vardır. Onlar da yalnız Müsavat Partiyasının seçkidə daha yaxşı iştirakı və bütövlükdə müxalifət düşərgəsinin qələbəsi üçün çalışırlar. Mən istəməzdim ki, mətbuat bu barədə yenidən müzakirələr aparsın. Çünki heç bir aktuallıq və ortalıqda bu müzakirəni yaradacaq bir səbəb də yoxdur.

- Tutaq ki, qeyd etdiyiniz aktuallıq və əsaslanmalar yaranarsa, siz partiya başqanı olmağa hazırsınızmı və başqan olarsınızsa, partiyanın güclənməsi üçün hansı işləri görərsiniz?


- Mən gələcəyə falçı kimi baxmağın tərəfində deyiləm. Partiyanı istədiyimiz kimi qurmaq üçün digər şərtlər də yetişməlidir. Doğrusu, o şərtlər, situasiya, mühit ilə bağlı hesab edirəm ki, indidən danışmaq tezdir. Bu məsələ nə zaman gündəmə çıxarsa, namizədlərin hər birinin öz platforması, proqramları tərtib olunacaq. Çünki Müsavat Partiyası özü demokratik dəyərlərə üstünlük verən, daxili demokratiyaya və azad seçkiyə şərait yaradan siyasi institutdur. O baxımdan elə bir narahatlıq yoxdur. Son sözü də Müsavatın üzvləri deyəcək.

- Son olaraq baş tutacaq prezident seçkiləri ilə bağlı proqnozlarınızı bilmək istəyirəm...


- İndiki şərtlər çərçivəsində dəyərləndirmə aparmaq çox çətindir. Çox sürətlə dəyişikliklər baş verir. Həm daxildə, həm də xarici təzyiqlər onu göstərir ki, bu il çox maraqlı və mürəkkəb il olacaq. Düşünürəm ki, indiki qədər Azərbaycan iqtidarı öz hakimiyyətində zəif olmamışdı. Çünki gedən proseslər bu iqtidarın daha da zəifləməsinə xidmət edir. Yeni situasiyalar yaranır. Yeni mühitdə uyğun qərarlar əsasında böyük dəyişikliklərə nail olmağa çalışırıq və ümidliyik.

AzNews.az