"İqtidara təkliflərimizi tərcümə vasitəsilə çatdırmaq üzücüdür“

Fazil Mustafa ATƏT-in vasitəçiliyi ilə keçən iqtidar-müxalifət dialoqundan danışıb

"Ölkəmizdə iqtidarla müxalifət arasında heç bir ciddi dialoq mühiti olmadığına görə, bu utancvericidir ki, fikirlərimizin çatdırılması üçün bizlər beynəlxalq təşkilatların vasitəçiliyinə ümid bağlayırıq. Azərbaycan iqtidarına təkliflərimizi tərcümə vasitəsilə çatdırmaq həqiqətən de üzücüdür və ölkəmizdə siyasi mədəniyyətin aşağı olmasından xəbər verir". Bunu Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

"Niyə siz ATƏT təmsilçisi ölkə Prezidenti ilə görüşdən sonra müxalifətlə görüşürsünüz? Burada səslənən irad və təklifləri siz necə iqtidara çatdırıb, məsələlərin həllinə nail ola bilərsiniz?"

Daha sonra "İdeya və xəyallarımız kifayət qədər çoxdur. Burada mən xəyallarımızı deyil, sadəcə ATƏT-in funksiya və imkanlarına aid vacib təklifləri səsləndirmək istərdim", – deyən F. Mustafa təklifləri barədə də söz açıb:

"ATƏT-in Qətnaməsi var ki, Təhlükəsizlik sektoruna, orduya Parlament nəzarəti mexanizmi olmalıdır. Çox təəssüf ki, Azərbaycanda bu mexanizm yoxdur və bunun yaradılması istiqamətində atılan addımlar ATƏT tərəfindən dəstəklənməlidir.

– Sərbəst toplaşma azadlığının reallıqda təminatı demək olar ki, mümkünsüzdür və hələ də Bakının 12 rayonunun hər birində mitinqlərin keçirilməsi üçün xüsusi yerlər ayrılmayıb.

Milli Məclisdə müxalifətin fraksiya yaratmaq imkanı demək olar ki, yoxdur və alternativ layihələr ortaya qoymaq mümkünsüzdür.

– Parlament idarəetməsində ancaq bir partiyanın iştirakı mümkündür və nə Milli Məclis rəhbərliyində, nə də Komitə rəhbərliyi səviyyəsində müxalifətin təmsilçiliyinə yol verilməməkdədir".

F. Mustafa sonda əlavə edib ki, bu gün Qarabağ məsələsində bizim haqlı mövqeyimizi müdafiə etməyə cəsarəti çatmayan ATƏT-in heç olmazsa, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılmasını israrla tələb etmək əsas iş prinsiplərindən biri olmalıdır".

Qeyd edək ki, Azərbaycanın aparıcı siyasi partiya liderləri ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareslə görüş keçirib. Qapalı masa arxasında baş tutan görüşdə Müsavat başqanı ilə yanaşı AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.//modern.az//

AzNews.az