“Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb” “Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb”

Xaliq Bahadırdan müxalifətə ağır İTTİHAMLAR

“Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb”



AXCP-dən və İctimai Palatadan istefa verən tanınmış yazar Xaliq Bahadır müxalifətin və onun bir sıra liderlərinin ünvanına sərt ittihamlar yönəldib. O, "Reytinq" qəzetinə verdiyi müsahibəsində Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılını hakimiyyətə işləməkdə ittiham edib.

X.Bahadır müsahibəsində 2011-ci ilin martın 12-də Müsavat Partiyasının keçirdiyi mitinqin A.Hacılının hakimiyyətdən aldığı sifariş olduğunu iddia edib. O, həmin mitinqin İctimai Palatanı tələyə salmaq üçün keçirildiyini və qurumun aprel ayındakı mitinqində də çoxlu sayda adamın həbs edilməsi ilə onun fəalliyyətinin elə başlanğıcdaca boğulduğunu bildirib. Həmin mitinqdə A.Hacılının da həbs olunaraq, 2,6 aylıq həbsə məhkum edilməsinə də toxunan yazar deyib: "Arif Hacılı çox tutulub, nəyə görə tutulub, o da bəllidir. Hərəni bir cür tuturlar, amma Arif Hacılının tutulma səbəbi bəllidir. Arif Hacılı iki övladını xaricdə oxudur, amma mənim uşaqlarım hələ xaricdə olmayıb. Hansı pulla oxudur? Amma mən uşaqlarımı burda oxutmağa pul tapmıram".
Müsahibəsində Milli Şuranın yaranması ehtimalına da toxunan X.Bahadır bildirib ki, oyunçular ayrı olsaydı, bəlkə də Milli Şuradan nəsə gözləmək olardı: "Son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri dağıdan, axırıncı dəfə İctimai Palatanı bitirən adamlar Milli Şuranı da o günə salacaqlar. Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb. Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə Milli Şuraya gedəcək, orda da öz "işlərini" görəcək".
X.Bahadır keçmiş sədri də sərt ittihamlar yönəldib: "Əli Kərimli də o dəstəyə qoşulub. Əli Kərimli 2010-cu ilin yayında tələyə düşüb. Daha doğrusu, İsa Qəmbər qruplaşması Əli Kərimlini tələyə salıb".
Azərbaycan müxalifətinin fəaliyyətinə də toxunan yazar təəssüf edib ki, müxalifətin milli strategiyası yoxdur, bu səbəbdən də ortada aydın xətt də yoxdur: "Prezident seçkilərinə 4 ay qalıb, hələ də ciddi bir iş görmürlər. Bu gün müxalifətin ortada olan liderləri ambissiyalarını kənara qoyub bir araya gəlsələr, akademiyadan da, universitetlərdən də rüşvətə bulaşmamış təmiz adam tapmaq olar. Ancaq heç kim bunu istəmir. Hamı birlikdən danışır, məqamı çatdıqda isə birliyə gəlmir. Nə qədər ki, bu yanaşma, bu düşüncə tərzi aradan qalxmayıb, vəziyyət bu şəkildə davam edəcək".

Anar
AzNews.az