İqtidar-müxalifət dialoqu mümkündürmü? – EKSERT RƏYİ

2013-cü il prezident seçkilərinə 6 aydan bir qədər çox qalıb. Prezident İlham Əliyev bu ilki seçkilərdə namizəd olub-olmayacağını hələ də bildirməsə də, YAP rəsmiləri və Prezident Administrasiyasının yüksək vəzifəli məmurları hakimiyyətin namizədinin budəfəki seçkidə də hazırkı prezident İlham Əliyev olacağını bildirirlər.

Müxalifət düşərgəsində isə artıq 10-dan çox siyasətçi prezident seçkilərində namizəd olacağını açıqlayıb. Buradan da belə çıxır ki, builki seçkilər 2008-ci illə müqayisədə kifayət qədər gərgin keçəcək.

Bəs, seçki ilində, prosesin yekununa cəmi bir neçə ay qalmış hakimiyyətlə-müxalifətin əsas güc mərkəzləri arasında hər hansı dialoq yaranacaqmı, iqtidar rəqibləri ilə seçki mühitini qarşılıqlı müzakirə etmək üçün bir masaya əyləşəcəkmi?

AZNEWS.AZ bu barədə "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin fikirlərini öyrənib: "Milli Şuranın təsis edilməsi və müxalifətin birlikdə eyni hədəflər üçün çalışması hakimiyyəti dialoqa məcbur edə bilər. Bir şərtlə ki, müxalifət cəmiyyətə təsir imkanlarını artırsın, ictimai gücü çoxalsın".

M.Əliyevin fikrincə, Qərbin hakimiyyətə dialoq təklifləri vacibdir: "Ancaq dialoq məsələsi kənar təşəbbüslərlə olan deyil. Azərbaycan müxalifəti özünün təsir imkanlarını artırmalı və iqtidarı dialoqa məcbur etməlidir".

Qeyd edək ki, PA rəsmisi Əli Həsənov hələ ötən ay mətbuata açıqlamasında bildirmişdi ki, hakimiyyət prezident seçkiləri ərəfəsində müxalifət partiyaları ilə, o cümlədən seçki institutları, qeyri-hökumət təşkilatları ilə görüşləri davam etdirəcək, onlarla seçki mövzusunu, seçki prosesinin təşkili və seçkilərin daha şəffaf, demokratik keçirilməsi ilə bağlı bütün tərəfləri narahat edən məsələləri müzakirə edəcək:

"Qarşıdan ümumrespublika əhəmiyyətli olan prezident seçkiləri gəlir. Burada məqsəd ondan ibarətdir ki, bu ümumrespublika əhəmiyyətli tədbiri tam demokratik, şəffaf, əhəmiyyətli keçirək, bütün maraqlı tərəflər, seçkiyə qatılmaq istəyən partiyalar, qurumlar bu müzakirələrdə iştirak etsin və hər kəs də seçkinin nəticəsindən razı qalsın".

Anar
AzNews.az