"Bu bir-iki günün işi deyil" "Bu bir-iki günün işi deyil"

DİN fəalların işi ilə bağlı açıqlama verdi

"Bu bir-iki günün işi deyil"




Məhbusların telefondan, eləcə də fotoaparat və ya kameradan istifadəsi yasaq sayılan cəzaçəkmə müəssisəsində fotoları kim çəkib və mediaya necə ötürülüb? Söhbət, 30 aprel aksiyasında həbs olunan gənc fəalların cəzaçəkmə müəssisəsində təmizlik işləri apararkən çəkilən fotolarından gedir.

"Azadlıq" radiosu məsələyə aydınlıq gətirmək üçün həm fotoların çəkildiyi cəzaçəkmə müəssisəsinə, həm Bakı Şəhər Baş Polis Idarəsinə, həm də Daxili Işlər Nazirliyinə müraciət edib. Binəqədi müvəqqəti saxlanma təcridxanasından sualları cavablandırmağa məsul bir kimsə tapılmayıb. Təcridxana növbətçisi sualı yalnız rəisin cavablaya biləcəyini, amma onun da yerində olmadığını söyləyib.

Bakı Şəhər Baş Polis Idarəsinin mətbuat xidmətinin rəisi Qalib Rəhimov isə bu barədə məlumatsız olduğunu bildirib: "Həmin şəxslər fotolarının gizli çəkilib yayıldığını iddia edirlərsə, bununla bağlı rəsmi şikayət etsinlər. Ancaq bundan sonra biz məsələni araşdıra bilərik".

Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadəÿ isə bu məsələni uyğun qurumların araşdırdığını söyləyib: "Bu, bir-iki günün işi deyil. Məsələ araşdırılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".


Hüquqşünas Əyyub Kərimov isə baş verənlərin biabırçı hal olduğunu və araşdırılıb ictimaiyyətə izahat verilməyəcəyi təqdirdə pis bir tendensiyanın əsassının qoyulacağını deyir: "Bu fotolar ancaq içəridən ötürülə bilər. Əgər belə deyilsə, kimsə ora daxil olaraq gizli çəkiliş aparıbsa, deməli, sabah Azərbaycanda evləri də asanlıqla belə çəkə bilərlər. Daxili Işlər Nazirliyinin vaxt istəməsi məsələdən yayınmaq məqsədi daşıyır. Burada hüquqdan daha çox, siyasət qoxusu gəldiyinə görə birbaşa cavab vermək istəmirlər. Yəqin ki, bu biabırçılığa əsas qazandırmaq üçün məsləhətləşmələr aparırlar. Istənilən halda konkret cavab verilməli, bu qanunsuzluğa aydınlıq gətirilməlidir ki, şəkillər necə çəkilib və necə ötürülüb".

Xatırladaq ki, gənc fəallar Əbülfəz Qurbanlı, Turqut Qəmbər və Ilkin Rüstəmzadə ÿaprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qətliamın anım aksiyasına qatıldıqları üçün saxlanılmışdılar. Əbülfəz Qurbanlı və Turqut Qəmbər 10 sutka, Ilkin Rüstəmzadə isə 15 sutka inzibati həbs cəzası almışdı. Cəzaçəkmə müəssisəsində təmizlik işləri görərkən onların fotoları çəkilib və internetdə yayılıb. Gənc fəallar fotoları kimin və necə çəkdiyindən xəbərsiz olduqlarını deyirlər.

AzNews.az