“Moskvanın oyuncağı olduqlarını təsdiqləyirlər”-Cavab

Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə "El" hərəkatı arasında "soyuq müharibə" yenidən alovlanıb.

VİP sədri Əli Əliyevin Milli Şuranın ideya müəllifi Rüstəm İbrahimbəyovun ona ünvanlanmış tənqidlərinə cavab olaraq, kinodramaturqu "Kremlin divarları arasında gizlənməkdə" ittiham etməsinə "El"in Məsclis sədri Eldəniz Quliyev və digər təmsilçisi Zəfər Quliyev cavab veriblər. Onlar da öz növbələrində VİP-i "hakimiyyətlə əlaqədə" və "məntiqsizlikdə" günahlandırıblar.

VİP Mətbuat Xidmətindən redaksiyamıza gondərilən məlumatda bildirilir ki, "El" təmsilçisi E.Quliyevin "Kremlin divarları arasında gizlənmək daha yaxşıdır…" ifadəsini onların Moskvanın əlində oyuncağa çevrildildiklərinin təsdiq edir:

"Adam deyir ki, Kremlin divarları arxasında gizlənmək daha yaxşıdır. Özü öz dili ilə bizim onların Rusiyaın təlimatlarını icra etmələri haqqında dediklərimizi təsdiqləyir. Daha nəyə etiraz edir ki..?!

Yeri gəlmişkən, VİP və Əli Əliyev haqqında səsləndirdiyi fikirlərdən sonra artıq heç şübhə etmirik ki, Eldəniz Quliyev yaddaşsızlıqdan ciddi əziyyət çəkir. Əks halda, belə sərsəm açıqlamalar verməzdi. Belə çıxır ki, həmin məsləhəti də, onu nəyə bənzətdiyimizi də unudub. Bundan başqa, partiya sədrinin müavini Ramil bəy "hakimiyyətə işləmək" iddialarının qarşılığında hətta kəskin ifadələr də işlətmişdi. Görünür ki, Eldəniz Quliyev və onun kimi düşünənlər boyunlarının arxasında belə söyüşlər üçün hələ çox yer saxlayıblar… "

Mətbuat Xidmətinin məlumatında Zəfər Quliyevin Əli Əliyev haqqında dediklərinə də münasibət bildirilib:

"Zəfər Quliyev muzdla fəaliyyət göstərən birisidir. Təbii ki, onu muzdla çalışdıranların sözlərini deyir. İndi də Əli Əliyevin haqqında danışmaqla aldığı pul və sifarişin əvəzini qaytarır. Mövqesizlik bax budur.

Məntiqsizliyə gəldikdə isə Zəfər Quliyev bu barədə gərək, ümumiyyətlə, danışmayaydı. Hakimiyyətin iyirmi il ərzində hər cür imtiyazlarla bəslədiyi Rüstəm İbrahimbəyovun yadına vətən, demokratiya, insan haqları kimi məfhumlar nədən bu son il yarımda düşməyə başladı? Ona görə ki biznes maraqları zərbə aldı və o da bu zərbələrdən sonra dönüb oldu "demokratiya fədaisi". Məntiqsizlik bax budur, Zəfər Quliyev! Bizim ittihamlara normal, arqumentləşdirilmiş cavab vermək əvəzinə, məntiqdən danışmayın".

AzNews.az