Milli Şurada VHP-yə neçə yer verilib?

"Vətəndaş Həmrəyliyi Partiyasının Milli Şurada neçə nəfərlə təmsil olunacağı hələ qətiləşməyib. Hazırda VHP rəhbərliyi ilə Milli Şuranın təşəbbüskarları arasında danışıqlar davam etdirilir. Ancaq hər bir halda VHP Milli Şurada təmsil olunacaq və onun fəaliyyətində iştirak edəcək".

Bu sözləri AzNews.az-a açıqlamasında VHP-nin Təşkilat Komitəsinin sədri Samir Əsədli deyib.

O bildirib ki, Milli Şuranın təşəbbüsçüləri ilə danışıqları VHP sədri Sabir Rüstəmxanlı və sədr müavini Rafiq Manaflı aparır: "Bizim MŞ-də iştirak edəcəyimiz birmənalıdır. Ancaq hələ ki təmsilçi sayı ilə bağlı bəzi problemlər qalıb ki, onlar da həll edilmək üzrədir".

S.Əsədli onu da bildirib ki, VHP-ni Milli Şurada təmsil edəcək şəxslərdən biri də o özü olacaq: "Yəqin ki, yaxın günlərdə danışıqlar yekunlaşacaq və bizim Milli Şurada neçə nəfərlə təmsil olunacağımız dəqiqləşəcək".

Anar
AzNews.az
image description