ALP-yə 10 yer verilməsi İsa Qəmbərin vahid namizəd olma şanslarını bitirir ALP-yə 10 yer verilməsi İsa Qəmbərin vahid namizəd olma şanslarını bitirir

Milli Şurada Müsavat-ALP münaqişəsi – QOVĞA

ALP-yə 10 yer verilməsi İsa Qəmbərin vahid namizəd olma şanslarını bitirir



Milli Şuranın tərkibi ilə bağlı yekun siyahı açıqlanmadan qurumda təmsil olunacaq partiya və təşkilatların "yer davası" başlayıb.

Belə ki, mətbuatda da yayılan məlumatlara görə, qurumda ən yüksək təmsilçiliyə sahib partiyalar AXCP və Müsavat olacaq. Digər partiyaların isə MŞ-ə 2-5 arası təmsilçi verəcəyi bildirilir.

Dünən bəlli oldu ki, MŞ-də təmsilçi sayına görə ikinci partiya Azərbaycan Liberal Partiyası olacaq. Bu barədə partiyanın sədri Əvəz Temirxan saytımıza açıqlamasında bildirmişdi ki, ALP MŞ-də 10 nəfərlə Müsavat və AXCP-dən sonra ikinci partiya olacaq.

Əvvəlcədən də verdiyimiz məlumatlarda bildirmişdik ki, ALP-yə bu qədər çox təmsilçi sayı yeri verilməsi Milli Şuraya daxil olan digər partiya rəhbərlərində narazılıq doğurub.

Qeyd etmişdik ki, Lalə Şövkətin lideri olduğu ALP-yə Milli Şurada yüksək "stavka" edilməsi tələbi konkret olaraq MŞ ideyasının müəllifi Rüstəm İbrahimbəyovdan gəlib. Milli Şurada ALP-yə 10 yer verilməsi ACP, KXCP, VHP və digər təşkilatları qıcıqlandırıb. Hazırda Milli Şura daxilindəki əsas narazılıq da məhz bu məqam üzərində köklənib. Adı çəkilən partiyaların hər biri MŞ-də ALP ilə eyni sayda təmsilçilik tələb edir. MŞ-in təşəbbüsçüləri buna gedəcəyi halda isə qurumdakı şəxslərin sayı 120—130 nəfəri ötəcək ki, bunu da istəmirlər.

AzNews.az-a daxil olan yeni məlumata görə, ALP-yə AXCP və Müsavatla təxminən eyni sayda təmsilçilik hüququ verilməsi məsələsi Müsavat Partiyasını da narahat edən əsas məqamlardan biridir. Belə ki, hələ 2010-cu ildə ALP ilə uzun müddət davam edən və qarşılıqlı "atışmalarla" müşahidə olunan "siyasi böhran" yaşayan Müsavat indiki halda Lalə Şövkətin özləri ilə eyni sayda təmsilçilik qazanmasında maraqlı deyil.

Yada salaq ki, bir neçə il öncə Müsavat başqanı İsa Qəmbər ad çəkmədən Azərbaycanda Rusiya kəşfiyyatına işləyən partiya rəhbərinin olduğunu bildirmiş, ALP-çi və digər bir sıra partiyaların üzvləri isə İ.Qəmbərin məhz Lalə Şövkəti nəzərdə tutduğunu demişdi. Bu ətrafda yaşanan qalmaqal isə bir neçə ay davam etmişdi.

Bəs, Milli Şuranın tərkibi elan edildikdən sonra qurum daxilində Müsavat-ALP gərginliyi hər hansı bir formada yenidən özünü göstərə bilərmi?

Arif Hacılı bu barədə AzNews.az-a açıqlamasında deyib ki, Müsavat Partiyasının yeganə rəqibi YAP-dır və bu partiyadan başqa heç bir partiya ilə bu və ya digər formada münaqişə yaşamırlar: "İsa Qəmbər o vaxtı ad çəkmədən elə bir ifadə işlətmişdi. ALP-nin bəzi üzvləri də bunu özlərinə götürdülər. Bu baxımdan bunu partiyalar arasında baş verən qovğa kimi qələmə vermək düzgün deyil".

A.Hacılı onu da deyib ki, onun bildiyi qədərilə ALP-yə Milli Şurada 1 və ya 2 yer veriləcəyi müzakirə edilirdi: "Ancaq müzakirələrin son mərhələlərindən xəbərsiz olduğum üçün ALP-yə yekun olaraq neçə yer veriləcəyini bilmirəm".

ALP sədri Əvəz Temirxan isə AzNews.az-a açıqlamasında deyib ki, Müsavat Partiyası ilə əvvəllər aralarında yaşanan gərginliyi yenidən qabartmaq niyyətində deyillər: "Biz köhnə palan içi tökmürük".

Qeyd edək ki, hazırda ALP-yə çox təmsilçilik yeri verilməsi ilə bağlı Müsavatı narahat edən əsas məsələ bu partiyanın Milli Şuranın vahid namizədi kimi İsa Qəmbərə səs verməyəcəyinə əminlikdir. Bu barədə Müsavat Partiyasındakı mənbələrdən AzNews.az-a verilən məlumata görə, partiya rəhbərliyi Milli Şura daxilində vahid namizədin müəyyən olunması ilə bağlı səsvermədə ALP heç bir İsa Qəmbərin namizədliyini dəstəkləməyəcək. Bunun da səbəbi məhz bir neçə il öncə yaşanan İsa Qəmbər-Lalə Şövkət qalmaqalıdır. Bundan əmin olan Müsavat başqanı da MŞ-də özünə qarşı mənfi 10 səsin olmasından xoşhal deyil.

Mənbə deyir ki, ALP-yə Milli Şurada 10 yer verilməsi əslində Rüstəm İbrahimbəyovun özünün vahid namizəd olma niyyətini həyata keçirmək planının tərkib hissəsidir: "Rüstəm İbrahimbəyovun Lalə Şövkətlə yaxşı münasibətləri var. Vahid namizəd məsələsində də ALP İbrahimbəyovu dəstəkləyəcək. Buna görə də MŞ-in ideya müəllifi ALP-yə bu qədər çox təmsilçilik hüququ verməklə bir növ özünün vahid namizəd olmaq şanslarını artırmış oldu".

Müsavatdakı mənbə onu da iddia edir ki, əslində Arif Hacılının Milli Şurada iştirakdan imtina etməsi ilə bağlı dünən verdiyi açıqlama da məhz ALP-yə bu qədər yüksək təmsilçilik yerinin verilməsinə etirazdır: "Arif Hacılı İsa Qəmbərin seçkilərdə müxalifətin vahid namizədi olması üçün var gücü ilə çalışır. O, Milli Şuradakı indiki təmsilçiliyə baxanda isə bunun heç bir halda mümkün olmadığını anlayacaq qədər peşəkar siyasətçidir. Buna görə də elə bəri başdan bu qurumda iştirakdan imtina etmək niyyətini açıqlayıb".

Azər
AzNews.az