Hansı partiya kimi dəstəkləyir? - Hər ağızdan bir avaz Hansı partiya kimi dəstəkləyir? - Hər ağızdan bir avaz

Milli Şurada vahid namizəd böhranı – MÜNASİBƏT

Hansı partiya kimi dəstəkləyir? - Hər ağızdan bir avaz


Xəbər verildiyi kimi, iyunun 7-də Milli Şuranın ilk geniş iclası keçiriləcək. İclasda qurumun bəyannaməsi və tərkibi ilə bağlı yekun siyahı açıqlanacaq. İclas Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçiriləcək.

Milli Şura ilə bağlı müxalifət düşərgəsinin gözləntilərinin nə dərəcədə reallaşacağı ilə bağlı şübhələr isə artıq baş qaldırıb. Buna səbəb isə MŞ-in ilk iclası baş tutmadan, tərkibi ilə bağlı siyahı açıqlanmadan qurum daxilində ciddi vahid namizəd böhranı yaşandığı ilə bağlı siqnallardır.

Hər kəsə məlum məsələdir ki, MŞ-in yaranma ideyasında əsas məqsəd qurumun müxalifətin geniş birliyi halına çevrilməsi və prezident seçkilərinə vahid namizədlə gedilməsi idi. Ancaq MŞ-də təmsil olunan partiyaların rəhbər şəxslərinin açıqlamalarına diqqət yetirdikdə bəlli olur ki, bu məsələ qurum daxilində heç cürə öz həllini tapmayacaq. İndidən görünür ki, hər bir partiya və ya təşkilat vahid namizəd məsələsində fərqli mövqe tutub. Hazırda vahid namizəd olma ehtimalı ən yüksək şəxs kimi Rüstəm İbrahimbəyovun adı çəkilsə də, digər alternativ namizədlər də var. Namizədliyə adı çəkilənlər sırasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digər bir sıra şəxslər də var.

AzNews.az bu məsələ ilə bağlı MŞ-də təmsil olunan partiya rəhbərlərinin mövqeyini öyrənib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı AzNews.az-a açıqlamasında bildirib ki, qurum daxilində hələ ki, heç kim öz namizədliyini irəli sürməyib. Bu baxımdan indidən kiminsə vahid namizəd olmağı barədə danışmaq tezdir: "Müsavat partiyasının prezident seçkilərində öz namizədi var".

Hazırda MŞ-in vahid namizədi kimi adı çəkilən R.İbrahimbəyovun namizədliyinin Müsavat Partiyası tərəfindən dəstəklənib-dəstəklənməyəcəyinə gəlincə, G.Aslanlı bildirib ki, R.İbrahimbəyov şəxsən özü namizədliyini irəli sürdüyünü elan edənə qədər Müsavat Partiyasının namizədi İsa Qəmbərdir: "Əgər Rüstəm bəy öz namizədliyini irəli sürsə, o zaman Müsavat Partiyası bu məsələyə öz münasibətini bildirəcək".

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə AzNews.az-a bildirib ki, Milli Şuranın tərkibi, bəyannaməsi elan olunmadan vahid namizədin kimliyi ətrafında aparılan müzakirələri təqdir etmir: "Bu barədə polemikalar dayandırılmalıdır. Hesab edirəm ki, qəhrəmanlıq edərək, kimlərisə vahid namizəd kimi təqdim etmək xoş niyyətlərdən xəbər vermir".

N.Məmmədli AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlının da Əli Kərimlinin vahid namizəd olmalı olduğu barədə açıqlamasına da münasibət bildirib. O qeyd edib ki, həmin açıqlama - qrup maraqlarından çıxış edən şəxslərə mesaj idi: "Biz demək istəyirik ki, Əli bəyin vahid namizəd olmaq haqqı heç də başqalarından az deyil. Həmin açıqlama da bu məsələdə qrup maraqlarından çıxış edən şəxslərə bir növ mesaj idi".

VHP Ali Məclisinin sədri Rafiq Manaflı isə bu məsələdə tamam fərqli fikirdədir. Onun sözlərinə görə, vahid namizəd məsələsində onun mövqeyi bundan ibarətdir ki, bu şəxs Milli Şurada deyil, İctimai Palata daxilində müəyyən edilməlidir: "Vahid namizəd məsələsində kimi dəstəkləyəcəyimiz barədə VHP-də hələlik konkret qərar qəbul edilməyib. Amma şəxsən mən vahid namizədi İP daxilində görürəm. Rüstəm İbrahimbəyova böyük hörmətim var. Ancaq biz vahid namizəd məsələsində fərqli mövqedəyəm" - deyə R.Manaflı AzNews.az-a bildirib.

Onun sözlərinə görə, müxalifətin namizədi AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərdən biri olmalıdır və VHP də Milli Şurada bu iki şəxsdən birinin namizədliyini dəstəkləyəcək.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə vahid namizəd məsələsində partiyalarının mövqeyinin qətiləşdiyini bəyan edib. Ə.Temirxan AzNews.az-a açıqlamasında bildirib ki, ALP Milli Şura daxilində Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını dəstəkləyəcək: "Biz bu fikirdəyik ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov olsun. Eyni zamanda, düşünürük ki, MŞ heç bir halda seçkiyə ehtiyat namizədlə getməməlidir". O bildirib ki, MŞ öz vahid namizədindən əlavə ehtiyat bir namizədlə də seçkiyə getsə, hakimiyyət qurumun əsas namizədini qeydiyyata almaya bilər.

"Biz Milli Şurada kimin namizədliyini dəstəkləyəcəyimiz barədə qərara gəlməmişik. Bu barədə MŞ-in sabahkı iclasından sonra yaranacaq situasiya barədə partiya daxilində müzakirələrimiz olacaq və bundan sonra bu barədə qərarımızı açıqlayacağıq". Bu sözləri isə AzNews.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Milli Şurada təmsil olunacaq əsas digər təşkilatlardan N!DA Vətəndaş Hərəkatı və Azad Gənclik Təşkilatının rəsmiləri isə AzNews.az-a bildiriblər ki, onlar bu barədə qərarı namizədlərin kimlikləri müəyyən edildikdən sonra təşkilat daxilində müzakirə edəcəklər. Bunun ardınca isə Milli Şurada vahid namizədin kim olması barədə qərar verəcəklər.

Qeyd edək ki, Milli Şurada əsas güclərdən olan "El" Hərəkatının nümayəndəsi Eldəniz Quliyev qurumum vahid namizədinin Rüstəm İbrahimbəyov olacağını bildirib. O deyib ki, hazırda vahid namizədlik üçün ən real namizəd R.İbrahimbəyovdur. Onun bu açıqlamasından belə aydın olur ki, "El" Hərəkatı da sədri Eldar Namazovun yox, R.İbrahimbəyovun namizədliyi üzərində dayanacaq.

Anar
AzNews.az