Rauf Arifoğlu da Milli Şuradan imtina etdi


Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov mətbuata verdiyi açıqlamada deyib ki, Milli Şuranın təsis toplantısı yüksək səviyyədə və uğurlu keçəcək: "Çünki danışıqlar uğurla gedib. İştirakçılar Milli Şuranın yaradılmasına böyük həvəs və inamla yanaşıblar. Baxmayaraq ki, bir neçə nəfər orada təmsil olunmaqdan imtina edib. Onlar bununla bağlı mövqelərini iyunun 5-də açıqlayıblar və bu, gözlənilməz oldu. Pənah Hüseyn, Rauf Arifoğlu, Arif Hacılı, İlqar İbrahimoğlu Milli Şurada təmsil olunmayacaqlarını deyiblər. Baxmayaraq ki, bir neçə gün əvvəl buna razılıq vermişdilər".

Bu iddia ilə bağlı, orada adı çəkilənlərdən biri - Rauf Arifoğlu musavat.com-a açıqlama verib. O deyib: "Hörmətli Rüstəm bəy yanlış məlumatlandırılıb. Mən heç zaman Milli Şurada təmsil olunmağa razılıq verməmişəm. Orada təmsil olunmayacağımı da hələ aylar öncə başqanım İsa Qəmbərə, daha sonra isə İctimai Palatanın Koordinasiya Şurasının bütün üzvlərinə dəfələrlə söyləmişəm. Onlar da əvvəlcədən bilirdilər ki, mən Milli Şurada təmsil olunmayacam. Mənim adım sadəcə 5 iyun tarixinə qədər siyahı layihəsində saxlanılıb və hörmətli İsa bəyin timsalında mənimlə son günlərə qədər danışıqlar gedib. Onu da qeyd edim ki, adları çəkilən Pənah Hüseyn və Hacı İlqar İbrahimoğlu da heç zaman heç yerdə deməyiblər ki, onlar Milli Şurada təmsil olunacaqlar.

Milli Şurada təmsil olunmaq istəməməyimin səbəbləri barədə isə partiya başqanıma və İP KŞ üzvlərinə məlumat vermişəm. İctimaiyyət üçünsə onu deyə bilərəm ki, mən Milli Şuranın fəaliyyətinə kənardan, bir neçə media quruluşunun rəhbəri olaraq daha çox dəstək verə bilərəm. Son olaraq qeyd edim ki, İsa Qəmbər olan bir yerdə və quruluşda özümün də təmsiliyyətimin olduğu qənaətindəyəm; İsa bəy Milli Şurada olduğu müddətcə də bu quruluşa qarşı çıxmayacam".