Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildi-YENİLƏNİB

Milli Şuranın toplantısı AzNews.az-da - ANBAAN



Milli Şuranın ilk toplantısı başa çatdı.

***12:25
Milli Şuranın ilk iclasında çıxış edən Müsavat başqanı İsa Qəmbər bildirib ki, Milli Şuranın yaranması mühüm addım olsa da, bu ilkin başlanğıcdır. Partiya sədri bildirib ki, digər mühüm məqamları zaman içərisində müzakirə edib qərar qəbul etmək daha münasibdir.

İ.Qəmbərin sözlərinə görə, müxalifətin birliyilə bağlı ən maraqlı ideya R.İbrahimbəyovun Milli Şura təklifi olub və müxalifət də bu qurum üzərində köklənib.

İsa Qəmbər təklif edib ki, R.İbrahimbəyov Milli Şuranın sədri seçilsin. O bildirib ki, bununla onun beynəlxalq təmaslar zamanı funksiyasını da artırmış olarıq.
ACP sədri S.Əkbər də bildirib ki, Rəsul Quliyev də R.İbrahimbəyovun MŞ-nin sədri olmasını dəstəkləyir. O bildirib ki, ACP-nin vahid namizədi də R.İbrahimbəyovdur.

Daha sonra R.İbrahimbəyovun Milli Şuranın sədri seçilməsi təklifi səsə qoyulub və təklif səs çoxluğu ilə qəbul edilib. Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının sədri seçildi.

Daha sonra "El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun Milli Şuranın yaranması ilə bağlı təbrik məktubu oxuyub.

R.İbrahimbəyov məktubunda bildirib ki, qurumun bəyannaməsində avroatlantik məkana inteqrasiya ilə bağlı müddəanın salınması doğru deyil: "Milli Şuranın əsas məqsədi ölkədə demookratik dəyişikliklərə nail olmaqdır".

***

Milli Şuranın əsasnaməsi səsverməyə qoyuldu. Əsasnamədi səsçoxluğu ilə qobul edildi. Bunun ardınca dmeokratik dünyaya müraciət edilməsi məsələsi səsverməyə çıxarıldı və səsçoxluğu ilə qəbul edildi.

12:30
Demokratik Qüvvələrin Milli Şurasının Bəyannaməsi

Biz, bu bəyannaməni imzalayan siyasətçilər, ziyalılar, vətəndaş cəmiyyəti təmsilçiləri və fəal gənclər bəyan edirik ki, hələ 95 il əvvəl bütün Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycanda son onilliklərdə avtoritar rejim və sülalə hakimiyyəti bərqərar olmuşdur.

Xalq konstitusiyanın təməl prinsipinə uyğun olaraq hakimiyyəti formalaşdırmaq haqqına malik olduğu halda, ölkədə hakimiyyət qollarından heç biri onun tərəfindən azad və ədalətli seçkilər vasitəsilə seçilməmişdir. 1993-cü ildən başlayaraq ötən 20 il ərzində bütün seçkilər demokratik prinsiplərdən uzaq olmuş, bu müddətdə keçirilmiş istər prezident, istərsə də parlament və bələdiyyə seçkiləri saxtakarlıqla keçirilmişdir. Bir çox beynəlxalq hesabatlarda dəfələrlə deyildiyi kimi, xalqımız dinc yolla, seçkilər vasitəsilə öz hökumətini və parlamentini dəyişmək hüququndan məhrum edilmişdir.
Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi istiqamətində hakimiyyətin ötən 20 il ərzində apardığı siyasət uğursuz olmuş, heç bir müsbət nəticə verməmişdir. Hökumətin yanlış və səriştəsiz xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə təklənməsinə gətirib çıxarmışdır. Azərbaycan hökuməti torpaqları işğaldan azad etmək, siyasi, iqtisadi, hüquqi islahatlar aparmaq əvəzinə ölkədə korrupsiya və rüşvətin mükəmməl şəbəkəsini yaratmış, nəticədə vətənimiz qanunlarla deyil, məhz bu şəbəkənin qaydaları ilə idarə olunan əraziyə çevrilmişdir.
Ölkə vətəndaşlarının konstitusiyada təsbit olunmuş fundamental hüquq və azadlıqları, o cümlədən sosial, siyasi, iqtisadi, şəxsi və mülkiyyət hüquqları kütləvi şəkildə və mütəmadi olaraq pozulmaqdadır. Hakimiyyət öz rəqiblərinə və ümumiyyətlə, azad düşüncəli insanlara qarşı antikonstitusion yollarla, qanunsuz vasitələrlə mübarizə aparır. Onları qondarma cinayət işləri ilə həbs etdirir, şər və böhtanla gözdən salmağa çalışır, müxalifətdə olan siyasi partiyaların, müstəqil qeyri-hökumət təşkilatlarının, ziyalıların, gənclər təşkilatlarının və dini icmaların fəaliyyətinə maneələr yaradır, söz və mətbuat azadlığını, sərbəst toplaşmaq azadlığını mütəmadi olaraq məhdudlaşdırır. Son illərin təcrübəsində qondarma narkotika ittihamları adi hala çevrilmiş, gənclərin və inanclı vətəndaşların azadlıqdan məhrum edilməsində başlıca vasitəyə çevrilmişdir.
Ölkədə müstəqil məhkəmə hakimiyyəti mövcud deyildir. Bütövlükdə məhkəmə sistemi və hüquq-mühafizə orqanları avtoritar rejimin əlində xalqa qarşı repressiya vasitəsinə çevrilmişdir. Belə bir şəraitdə siyasi qüvvələrin uzun illər ərzində apardığı mübarizə bir sıra daxili və xarici səbəblərdən demokratik dəyişikliyi reallaşdırmaq üçün yetərli olmayıb.
Ölkədə demokratiyaya keçidin təmin olunması üçün bütün demokratik qüvvələrin vahid mərkəzdə birləşməsi zərurətə çevrilmişdir.
Bütün bunları nəzərə alaraq, biz, bu sənədi imzalayanlar:

- Azərbaycanda avtoritarizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək;

- Demokratiyaya keçid dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq;

- Hüququn aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının, vətənimizin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq;

- Azərbaycanın müstəqilliyinin, suverenliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında

- Demokratik Qüvvələrin Milli Şurasında (bundan sonra Milli Şura) birləşdiyimizi bəyan edirik.

Bildiririk ki, əsas məqsədimiz Azərbaycan Konstitusiyasının 1-ci maddəsinin "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır" müddəasına uyğun olaraq, xalqın həqiqətən də hakimiyyətin mənbəyi olmasını təmin etmək, onun zəbt edilmiş hakimiyyətini özünə qaytarmağa nail olmaqdır.
Bu məqsədə nail olmaq üçün Milli Şura qarşıdan gələn prezident seçkilərində vahid platforma ilə və vahid güc kimi iştirak edəcək. Milli Şura bütün demokratik qüvvələrin, fəal vətəndaşların təşkilatlanaraq, azad və ədalətli seçkilər uğrunda dinc və kütləvi mübarizəyə səfərbər olunmasına çalışacaq. Milli Şura avtoritar rejimin demokratik alternativi olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafını təmin edəcək siyasi, hüquqi, iqtisadi və sosial islahatlar paketlərini razılaşdıraraq xalqımıza təqdim edəcək.

Milli Şura namizədi prezident seçkilərində qalib gələcəyi təqdirdə iki illik keçid dövründə:

- Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında gerçək tarazlığını təmin etmək;

- Hökumətin parlament çoxluğu tərəfindən formalaşdırılmasının nizamlanması;

- Milli Məclisə seçkilərin qarışıq (50% majoritar, 50% proporsional olmaqla) seçki sistemi əsasında keçirilməsini təmin etmək;

- Ölkədə idarəetmənin əks-mərkəzləşdirilməsi sahəsində islahatlar aparmaq və digər hüquqi islahatları təmin etmək məqsədilə yeni konstitusiya layihəsi hazırlayıb, onun referendum yolu ilə qəbul edilməsinə çalışacaq.

- Yeni konstitusiya əsasında azad və ədalətli parlament, prezident və bələdiyyə seçkiləri keçirilməsinə nail olacaq.

Milli Şuranın başlıca xarici siyasət öncəlikləri Qarabağ konfliktinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, bütün beynəlxalq tərəfdaşlarla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq razılaşmalar çərçivəsində bütün dövlət öhdəliklərinin yerinə yetirilməsi, Avropa xalqlarının vahid ailəsinə inteqrasiya olacaq.
Keçid dövrü bitəndən, azad və ədalətli prezident və parlament seçkiləri keçiriləndən sonra bloklaşma siyasəti ilə bağlı məsələlər, o cümlədən avroatlantik məkana inteqrasiya məsələsi ümumxalq referendumu ilə həll ediləcək.
Milli Şura bütövlükdə öz proqram məqsədlərinə çatmaq üçün müstəsna olaraq yalnız dinc vasitələrdən istifadə edəcək, ölkə konstitusiyasının, qanunvericiliyinin və beynəlxalq hüququn prinsiplərini rəhbər tutacaq.

Anar
AzNews.az