Millət vəkili YAP-ın qurultayından danışdı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən V qurultayında partiyanın yeni sədr müavinləri seçilib.

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı təəssüratlarını modern.az-la paylaşıb.

Qurultayın çox əlamətdar bir ildə baş verdiyini söyləyən millət vəkili bildirib ki, 2013-də ölkədə prezident seçkiləri keçiriləcək.

"Belə bir əlamətdar il partiyamızın V qurultayının daha möhtəşəm keçməsinə rəng qatdı. Bu gün 600 mindən çox partiya üzvünün arzusu qurultayda reallaşdı. 600 mindən çox partiya üzvü xalqımızın istəyi ilə 2013-cü ildə möhtərəm prezidentimiz İlham Əliyevin növbəti dəfə də prezidentliyə namizədliyinin irəli sürülməsini qanuniləşdirdi. Möhtərəm prezidentimiz qurultayda çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının ölkənin həyatında, Azərbaycanın müstəqilliyində, eləcə də siyasi həyatın, gündəmin formalaşmasında xüsusi rolu var. Gələcəkdə partiyanın böyük missiyasının olduğunu bildirdi. Prezident qurultayda bir daha Azərbaycan xalqına olan xidmətlərindən, Azərbaycanın gücündən, regionun aparıcı dövləti olmasından danışdı. Gələcəkdə görüləcək irimiqyaslı, qlobal layihələrin mesajlarını verdi. Prezident həmçinin Yeni Azərbaycan Partiyasının hər bir üzvünün müstəqil dövlətimizin daha da güclənməsi üçün məsuliyyətini qeyd etdi. Xüsusilə də partiyamızın hər bir üzvünün dövlətimizin qarşısındakı borcu barədə fikirlər söylədi. Həmişə olduğu kimi, özünün və partiyanın hər bir üzvünün xalqın xidmətçisi olduğunu bildirdi. Prezident çıxışında həmçinin bu gün Azərbaycanın dünyada dostlarının çox olduğunu vurğuladı".

Məlahət İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın ictimai-siyasi, iqtisadi resurslara malik olduğunu və ölkəmizin bir toplantı mərkəzinə çevrildiyini, elə buna görə də müxalifətdə dayanan müəyyən bir qrupun ölkəmizin müstəqilliyinə kölgə salmaq üçün Azərbaycanı sevməyən qüvvələrlə əməkdaşlıq etdiyini söyləyib.

"Bu gün Türkiyə kimi dünyanın ən demokratik, humanist dövlətində qarışıqlıq salmaq istəyən qüvvələrin olduğunu müşahidə edirik. Belə bir niyyət Azərbaycana da aiddir və o niyyətli qüvvələr Azərbaycandakı müxalif qüvvələrdən istifadə edirlər. Cənab prezidentimiz qurultay nümayəndələri qarşısında birmənalı olaraq bildirdi ki, heç bir qüvvə dövlətçiliyimizi sarsıda bilməz, xalqımızın həyatında yeni narahatçılıq yarada bilməz. Qeyd etdi ki, seçkilər yüksək səviyyədə keçiriləcək".

Qurultayda gerçəkləşən təşkilati məsələlərdən danışan millət vəkili qeyd edib:

"Əli Əhmədovla yanaşı, ölkənin birinci xanımı Mehriban Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə yeni sədr müavinləri seçildilər. Bunun özü də müxalifətə cavab idi. Bir də görürsünüz ki, müxalifət KİV-lərinin səhifələrində yazılar gedir: "YAP parçalandı".

Birinci xanımımız partiyada ən yüksək səviyyədə təmsil olunur. Bu da partiyamızın birmənalı olaraq qərarı idi. Belə bir addım partiyamıza, onun gücünə, dövlətimizə lazım idi. Dövlətimizi sevməyən qüvvələrə cavab idi. Partiyamızın İdarə Heyətində və Şurada cüzi dəyişikliklər oldu. Daha doğrusu qeyd etdiyim insanlar əsasnaməyə uyğun olaraq partiyanın İdarə Heyətində təmsil olundular".

AzNews.az