“Biz seçkilərə də uğurla gedəcəyik“- İlham Əliyev

“Azərbaycanda elə qüvvələr var ki, hakimiyyətə gəlmək üçün hər cür qrupla əlaqəyə girməyə, onların maraqlarını qorumağa hazırdırlar”

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının bu gün keçirilən V qurultayında bildirib.

O qeyd edib ki, "bunlar bu maraqla antimilli qüvvələrə çevriliblər və öz hakimiyyətlərini əldə etmək üçün Azərbaycanın bütün maraqlarını qurban verməyə hazırdırlar": "Onlar hətta hakimiyyətə gəlmək üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də güzəşt etməyə hazırdırlar".

İlham Əliyev qeyd edib ki, bütün bunlara baxmayaraq Azərbaycan iqtidarını bu cür qüvvələr qorxutmur, çünki iqtidar xalqa, xalqın iradəsinə arxalanıb. O qarşıdan gələn seçkilərdə də xalqın iradəsinin nümayiş olunacağını bildirib.

"Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, inkişafdır, müstəqillikdir, sosial rifahdır. YAP qarşısında duran vəzifələr də bundan sonra da uğurla davam edəcək", deyə prezident bəyan edib.

AzNews.az