Vidadi İsgəndərli: “Konfliktim AXCP ilə deyil, Əli Kərimlinin özü ilədir” Vidadi İsgəndərli: “Konfliktim AXCP ilə deyil, Əli Kərimlinin özü ilədir”

“Milli Şurada bir kişi tapılmadı ki...” - MÜSAHİBƏ

Vidadi İsgəndərli: “Konfliktim AXCP ilə deyil, Əli Kərimlinin özü ilədir”




Hüquq müdafiəçisi Vidadi İsgəndərli adının Milli Şuranın siyahısından çıxarılmasına etiraz edib. "Facebook" sosial şəbəkəsində statuslarında Milli Şuranın siyahısındakı 45 nəfəri tanımadığını yazan V. İsgəndərli adının bir nəfərin təkidi ilə çıxarıldığını bəyan edib:

"Milli Şurada bir kişi tapılmadı desin ki, ay qardaşlar, gəlin, Vidadi bəyi də dəvət eləyək. Müxalifətdə olan siyasi satqın isə məni xalqla, müxalifətlə üzü-üzə qoymaq istəyir. Alınmayacaq. Mən türmədə çürümürdüm ki, sən prezident olasan. Səni dostların xahişi ilə bağışlamışdım. Səni siyasi arenadan siləcəyəm. Körpülər yandı. Mənim balalarım 3 ay qorxusundan məktəbə getmədilər. Səninki xaricdə ili 30 minə oxuyur, altında da 60 minlik maşın. Atam da, mən də prokuror olmuşuq. Mən "Xruşovka"da bacımın evində , sən səhərin mərkəzində. Kimdir müxalifətçi - sən, yoxsa mən?"

Statuslarında V. İsgəndərlini səbirli olmağa səsləyənlər onun adının siyahıdan AXCP sədri Əli Kərimlinin çıxardığını yazıblar.

Vidadi İsgəndərli baş verənlərlə bağlı "Gündəlik Teleqraf"ın suallarını cavablandırıb.

- Vidadi bəy, adınız niyə Milli Şurada yoxdur?

- Bir nəfərin təkidi ilə mən Milli Şuradan kənarlaşdırılmışam. Milli Şuranın tərkibini İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov həll edirdi. Onlardan biri təkid edib ki, Vidadi İsgəndərlini Milli Şuraya qoymaq olmaz, o aqressivdir. Bundan başqa, şəxsi qərəzlik söhbəti var, amma bunu açmaq istəmirəm.

- Əvvəlcə Sizinlə Milli Şura ilə bağlı danışıq olmuşdu?

- Milli Şuranı dəstəkləyənlərdən biri də mən olmuşam, məndən çox bu ideyanı təbliğ edən yox idi. Ağlıma da gətirə bilməzdim ki, adım siyahıdan çıxarılar. Təxminən 10 gün bundan qabaq bir nəfərin mənim Milli Şurada təmsilçiliyimi istəmədiyini bildim. Bunu Avropada yaşayan dostlarım söylədi. Mənim Rüstəm İbrahimbəyovla hər hansı münasibətim yoxdur. Eldar Namazovla 5-6 dəfə tədbirdə görüşmüşük, münasibətlərimiz yaxşıdır. Mən məsələni həll edən "EL" Hərəkatının sədri, Müsavat başqanı və AXCP sədrinə sual ünvanlayacağam. Qoy arqument göstərsinlər ki, hansı səbəbdən milli azadlıq uğrunda 10 ildən artıq mübarizə aparan, vicdan məhbusu olan şəxs Milli Şurada yoxdur? Mən həbs olunanda nəşr olunan qəzetlərə baxsanız bütün müxalifət Vidadi İsgəndərli ilə fəxr edirdi. İndi Milli Şurada məni görmək istəmirlər.

- Siz müxalifətdən bir nəfərin satıldığını yazmısınız...

- Bilirsiniz niyə yazmışam? Cəmiyyətdə, Avropada, Rusiyada, Ukraynada tanınmış hüquq müdafiəçisiyəm. Fəaliyyətim bir partiyadan çoxdur. Bircə arqument gətirsinlər ki, məhz bu səbəbdən Vidadi Milli Şurada yoxdur. Buna siyasi qısqanclıq kimi baxıram. Bilirsinizmi, mənə nə qədər zəng olub. Ukrayna, ABŞ, Rusiya, Avropadan, Şirvan, Cənub bölgəsindən zənglər gəlib. Facebook-da yazdığım statuslarla bağlı yüzlərlə zəng gəlir ki, nə baş verir, niyə Milli Şurada yoxsan? Açıqlasınlar ki, üç şəxsdən hansı Vidadi İsgəndərlinin Milli Şuraya qoyulmaması barədə təkid edib.

- Milli Şurada 45 nəfəri tanımadığınızı vurğulamısınız...

- Bəli, tanımıram.

- Niyə tanınmayan adamlar var, amma siz yox?

- Mən Milli Şura davası etmirəm. Əksinə, mənə xeyir veriblər. Müalicə olunuram, həkimlər məsləhət görürlər ki, bir müddət sakitləş. Həbsxanadan çıxan gündən bir dəqiqə də dayanmamışam. Hamı istirahətə getdi, amma mən mübarizəmi davam etdirdim. Orada 45 nəfəri tanımıram . Elələri ilə bir yolda gedə bilmərəm. Çünki 1993-cü ildə Azərbaycanda hakimiyyəti devirənlərin çoxu oradadır.

- Statuslarınıza şərh yazanlar adınızın siyahıdan çıxaranın Əli Kərimli olduğunu yazıblar...

- Mən indi açıqlama versəm, əks tərəf hücuma keçməyə başlayacaq. Mətbuat konfransı keçirəcəyəm, orada bütün suallara cavab verməyə hazıram. Mən Milli Şura ideyasını indi də dəstəkləyirəm. Məsuliyyəti boyunlarına götürürlər, çox gözəl. Mən istirahət edərəm, onlar məsuliyyəti götürsünlər görək nə olacaq.

- Siyahı açıqlanandan sonra Milli Şuranı dəstəkləyib-dəstəkləməyəcəyinizi bildirmisiniz. Artıq siyahı məlumdur, mövqeyiniz necədir?

- Mənim səhhətim konfliktlərə girməyə imkan vermir. Özüm prezidentliyə namizədliyimi vermişəm. Dünən yazdım ki, namizədliyimin üzərində dayanıram. Əgər qeydiyyatdan keçsəm, vahid namizədi dəstəkləyərəm, amma şərtlə. Bu dəfə o gəlib məndən xahiş etməlidir ki, vahid namizədi müdafiə elə. Çünki siyasətçi özünə hörmət etməlidir. Kimlərsə məni öz komandasında görmək istəmirsə, mən onları görmək istəyərəm? 129 nəfərin mübarizəsi mübarizəmdən, əqidəsi əqidəmdən, savadı savadımdan üstündürsə, desinlər.

- Ad çəkməkdən imtina etsəniz də, AXCP sədrinə işarə edirsiniz. Bundan sonra hansı addım atacaqsınız?

- Şəxsən üç şəxsə rəsmi sual ünvanlayacağam ki, hansı səbəbdən mənim əleyhimə səs veriblər. Əleyhimə səs verən arqument tapmalıdır. Deməlidir ki, dəlidir, iqtidarın adamıdır və s. O arqumenti alandan sonra ad çəkəcəyəm. Həmin şəxsin adını özüm müəyyən edib bütün Azərbaycana və dünyaya bəyan edəcəyəm. İndi intuisiyama əsasən həmin şəxsin kimliyini bilirəm. Bir nəfər təkid edib ki, Vidadini qoymaq olmaz. Fakt əlimdə olan kimi deyəcəyəm.

- Bir müddət əvvəl AXCP ilə münasibətləriniz gərgin idi. İndi bu əlaqələr hansı səviyyədədir?

- Mənim AXCP ilə heç vaxt problemim olmayıb. Konfliktim Əli Kərimli ilə olub.

AzNews.az