Sülhəddin Əkbər: “...Rüstəm İbrahimbəyov ikinci vətəndaşlığından imtina edəcək” Sülhəddin Əkbər: “...Rüstəm İbrahimbəyov ikinci vətəndaşlığından imtina edəcək”

“Müsavatın Milli Şuradan çıxmaq ehtimalı var” – Müsahibə

Sülhəddin Əkbər: “...Rüstəm İbrahimbəyov ikinci vətəndaşlığından imtina edəcək”





Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin AzNews.az Xəbər Portalına müsahibəsi.

- Sülhəddin bəy, Milli Şuranın ilk toplantısında Rüstəm İbrahimbəyovun vahid namizəd elan olunması ilə bağlı təkidlər olsa da, bu məsələyə qarşı çıxan şəxslərdən biri də siz oldunuz. MŞ vahid namizədini nə vaxt müəyyənləşdiriləcək?


- Milli Şuranın ilk toplantısında hətta iclasın gündəliyi belə tam bəlli deyildi. Razılaşdırılan əsas məqam Rüstəm İbrahimbəyovun MŞ-nin sədri seçilməsi idi. Vahid namizəd məsələsi isə heç, ilkin danışıqlar zamanı da müzakirə olunmamışdı. Mən bu baxımdan bunu erkən hesab elədim. Düşünürəm ki, bu məsələ R.İbrahimbəyov ölkəyə qayıtdıqdan sonra müzakirəyə çıxarılıb, qərarlaşdırılmalıdır. Rüstəm bəyin bu ayın sonunda ölkəyə gəlməsi gözlənilir. Gəldikdən sonra vahid namizəd məsələsinin digər iddiaçılarla müzakirə olunub razılaşdırılmasının ardınca, Milli Şura bu barədə yekun qərar verəcək. Ola bilsin, namizədliyə iddiası olan digər şəxslərin R.İbrahimbəyova bəzi sualları, şərtləri və s. var.

- Hazırda Milli Şura daxilində Rüstəm İbrahimbəyova əsas rəqib kimi daha çox Müsavat başqanı İsa Qəmbər görünür. Çünki digər əsas iddialı siyasətçi AXCP sədri Əli Kərimli Rüstəm bəyin namizədliyi dəstəklənəcəyi halda namizədliyini verməyəcəyini bildirib. Sizcə, vahid namizəd məsələsində İsa bəylə Rüstəm bəy arasında kompromis əldə olunacaqmı?


- Milli Şurada AXCP sədri Əli Kərimlinin də R.İbrahimbəyovun vahid namizədliyini dəstəklədiyini açıqlamasından sonra bu məsələdə Müsavat Partiyasından başqa demək olar ki, digər bütün partiya və təşkilatlar eyni mövqedədir. Qurumdakı qüvvələrin əksəriyyəti Rüstəm bəyin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Bircə Müsavat Partiyası qalıb. Mənə elə gəlir ki, Müsavat Partiyası da yaranmış vəziyyəti nəzərə alacaq. Ancaq bu suala hər bir halda Müsavat Partiyasının rəhbərliyi daha aydın cavab verə bilər.

- Bu ehtimalı necə qiymətləndirirsiniz: Müsavat Partiyası öz namizədinin iddiasından geri çəkilməyərək, R.İbrahimbəyovun namizədliyini dəstəkləməyib, seçkiyə az müddət qalmış Milli Şuradan çıxa bilərmi?


- Yenə deyirəm, mən bu suala Müsavat başqanının adından cavab verə bilmərəm. Hər halda nəzəri cəhətdən belə bir ehtimal var. Ancaq böyük ehtimalla, Müsavat Partiyası və onun rəhbərliyi də ümumi konsensusu pozmayacaq. Çünki Azərbaycanda siyasi çevrələrdə bu barədə ictimai rəy formalaşmış kimi görünür.

- Milli Şuranın prezident seçkilərinə ümumi razılaşdırılmış vahid namizədlə bərabər, ikinci bir ehtiyat namizədlə getməsi məsələsi müzakirə olunurmu?


- Bu variant müzakirə olunmur və biz belə hesab edirik ki, müxalifət seçkiyə vahid namizədlə getməlidir. Bu barədə mübahisə yaranmamalı və xalqa mesaj da birmənalı olmalıdır.

- Belə çıxır, R.İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı ehtimalını istisna edirsiniz?


- Bilirsiz, o variant baş tutacağı halda, bu, o deməkdir ki, Azərbaycanda seçki olmayacaq. Əgər hakimiyyət birləşmiş müxalifətin namizədi olmadan seçkiyə getsə, bu, ölkədə seçki olmayacaq mənasına gələcək. Bu da ölkədə yeni bir qarşıdurma situasiyası yaradacaq.

- Eyni vəziyyət 2008-ci ildə də olmuşdu və heç bir qarşıdurma da yaranmamışdı.


- İndiki situasiya 2008-ci ildən fərqlidir. Çünki o zaman müxalifət seçkini özü boykot etmişdi.

- Bütün hallarda, indi Milli Şurada toplanan müxalifət seçkidə yox idi...


- Hər bir halda bu baş verəcəyi təqdirdə, ölkədə yeni situasiya yaranacaq ki, bu da arzuolunan hal deyil və nəticəsini də öncədən dəqiq proqnozlaşdırmaq çox çətindir. Digər tərəfdən də, bu ilki seçkidə Azərbaycan müxalifəti özündə güc tapıb seçkiyə getmək əzmindədir. Həmçinin, xalqda da heç bir zaman olmadığı qədər narazılıq var. Bölgədə də siyasi vəziyyət Azərbaycanın demokratik inkişafa nail olmasına istiqamət verir. Bu üç situasiya 2008-ci ildə belə deyildi.

- Sülhəddin bəy, R.İbrahimbəyovun ikili vətəndaşlığı olduğu son 10 ildə ölkədə daimi yaşamadığı ilə bağlı Konstitusiyayla uyuşmayan məqamların olduğu iddia edilir. Seçkiyə ehtiyat variantla gedilməsi ehtimalı da bu səbəbdən səsləndirilir. Bu iddialara münasibətiniz necədir?


- Ehtiyat namizəd olmayacaq. İstənilən halda, Rüstəm bəy vahid namizəd olacaq. Konstitusiyanın həmin maddəsində də son 10 il nəzərdə tutulmur, ümumiyyətlə 10 il nəzərdə tutulur. Rüstəm bəy isə Azərbaycanda bir neçə onillik yaşayıb. İkili vətəndaşlığa gəldikdə isə mən bu barədə məlumatsızam, ancaq əgər belə bir şey varsa, Rüstəm bəy ikinci vətəndaşlığından imtina edəcək. Bu, problem deyil.

Anar
AzNews.az