Milli Şuranın ilk mitinqi nə vaxt olacaq? – Açıqlama

AXCP və Müsavat mitinq planlarını təxirə salıb




Prezident seçkilərinə təxminən 5 ay qalıb. Artıq hakim Yeni Azərbaycan Partiyası kütləvi aksiyalarla bağlı qərarını artıq açıqlayıb. Partiya seçki təbliğatı başladıqdan sonra ölkə boyu mitinqlərə start verəcək. Bəs, müxalifət nə düşünür? Uzun danışıqlardan sonra təsisinə nail olunan Milli Şura daxilində toplaşan müxalifət qüvvələrinin önümüzdəki günlərdə mitinq keçirmək barədə planları varmı?

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən AXCP sədrinin müavini, Milli Şuranın üzvü Nurəddin Məmmədli hesab edir ki, müxalifətin kütləvi aksiyalar keçirməsi hər zaman gündəmdədir, ancaq o, MŞ təsis edildikdən sonra orada təmsil olunan partiyaların fərdi qaydada kütləvi aksiya keçirməsini doğru saymır.

N.Məmmədli bildirib ki, əgər mitinq olacaqsa, bu, Milli Şuradakı hər kəsin iştirakı ilə olmalıdır. Bununla belə, partiya sədrinin müavini hesab edir ki, indiki halda Milli Şuranın qarşısında duran əsas məsələ kütləvi aksiyalar keçirmək yox, strukturlaşma və qurumun aparatının fəaliyyətinin tam təşəkkül tapmasına nail olmaqdır. N.Məmmədli bildirib ki, əgər bu proses ən qısa zamanda yekunlaşarsa, o zaman MŞ-in təşkil edəcəyi kütləvi aksiyalar da xeyli effektiv olacaq.

Sədr müavinin sözlərinə görə, AXCP partiya olaraq, Milli Şuradan kənar mitinq keçirməyi düşünmür. O deyib ki, əgər MŞ-nin mitinq keçirməklə bağlı qərarı olacaqsa, AXCP də bütün qüvvəsi ilə həmin mitinqdə iştirak edəcək.

Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı isə AzNews.az-a açıqlamasında seçki müddətinin yaxınlaşması ilə birlikdə, aksiya məsələsinin də aktuallaşdığını qeyd edib. O bildirib ki, kütləvi aksiyaların keçirilməsi barədə məsələ Müsavat Partiyasında da müzakirə olunur. Ancaq bu ay ərzində partiyanın hər hansı aksiya və ya mitinq keçirməklə bağlı planı yoxdur.

A.Hacılının sözlərinə görə, Müsavat Partiyası, həmçinin Milli Şura daxilində də bu ay ərzində aksiyalar keçirilməsi ilə bağlı təklif səsləndirmək niyyətində deyil.

Anar
AzNews.az