“Dağlıq Qarabağdakı vəziyyət partlaya bilər“

"Dağlıq Qarabağdakı vəziyyət gərgin olaraq qalır və xüsusilə də Ermənistanın regionla hava əlaqəsi yaratmaq niyyəti nəticəsində partlama təhlükəsi mövcuddur"



Bu barədə ATƏT sədrinin dondurulmuş münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa Kiyevdə keçirilən Strateji Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, vəziyyət olduqca mürəkkəbdir. Yerevan və işğal olunan Dağlıq Qarabağ arasında aviarabitənin qurulması ilə əlaqədar vəziyyətin daima partlama təhlükəsi mövcuddur.

Deşitsa bildirib ki, Ukraynanın ATƏT-də sədrliyi hər iki tərəfə Ermənistan və Azərbaycan prezidentləri arasında mümkün qədər tez görüş keçirilməsi ilə bağlı təkliflərlə müraciət edib.

Bununla yanaşı, ATƏT sədrinin dondurulmuş münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa Azərbaycan və Ermənistandakı prezident seçkilərini xüsusi vurğulayaraq regionda bir necə sabitləşdirici amilin olduğunu göstərib.

Deşitsanın fikrincə, regionda sabitləşdirici amillərdən biri də gələn il keçiriləcək Soçi Olimpiya Oyunlarıdır: "Rusiya Qafqazda vəziyyətin sabit və təhlükəsiz olmasında maraqlıdır". O həmçinin əlavə edib ki, Rusiya regionda sabitliyin saxlanılmasında konstruktiv rol oynayır.(trend.az)

AzNews.az