Müsavat və AXCP Abbas Abbasova “yox” dedi

“MİLLİ ŞURANIN VAHİD NAMİZƏDİ QURUMUN İÇİNDƏN SEÇİLƏCƏK...”




"Rüstəm İbrahimbəyov öz namizədinin kim olduğu ilə bağlı hələ heç nə deməyib, heç kimin adını çəkməyib. Bu şəxs Mehman Əliyev, Abbas Abbasov və ya başqasımı olacaq, bəlli deyil. Hər halda bu, Rüstəm bəy konkret olaraq ad çəkəndən sonra aydınlaşacaq".

Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanı deyib. O bildirib ki, Müsavat Partiyası baş nazirin sabiq müavini Abbas Abbasovun Milli Şuranın vahid namizədi olması məsələsini müzakirə etmir:

"Mən bu məsələdə mətbuatda yayılan məlumatları yox, Eldar Namazovun dediklərini əhəmiyyətli sayıram. E.Namazov bildirib ki, Milli Şuranın vahid namizədi qurumun içindən seçiləcək. Qurumdan kənar bir şəxsin namizəd olması ehtimalını ciddi saymıram".

G.Aslanlı "əgər bu məlumatlar təsdiqini tapsa və Abbas Abbasov son anda prezidentliyə namizəd olsa, Müsavat Partiyasının buna münasibəti necə olacaq" sualına cavabında isə bildirib ki, Müsavat kollegial qurumdur və burada qərarlar müzakirələrdən sonra verilir:
"Mən indidən öz adımdan partiyanın bu məsələ baş verəcəyi halda nə münasibət bildirəcəyini deyə bilmərəm".

AXCP-nin sözcüsü Natiq Ədilov isə bu barədə AzNews.az-a açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyovun Abbas Abbasovun namizədliyini irəli sürməsi ehtimalı aşağıdır: "Rüstəm bəy A.Abbasovun namizədliyini irəli sürməz".

Partiya rəsmisi bu barədə yayılan xəbərləri Milli Şuraya qarşı təxribat hesab etdiyini əlavə edib: "Mən bu yazını "Yeni Müsavat"ın məkrli ehtimalı kimi qiymətləndirirəm. Mən Rauf Arifoğludan rica edirəm ki öz vədinə sədaqət göstərsin. O demişdi ki, nə qədər hörmətli İsa bəy MŞ-dədir, o, bu qurumun əleyhinə çıxış etməyəcək. Bəs bu nədir?"

Qeyd edək ki, Milli Şuranın vahid namizədliyinə əsas iddialı şəxs olan R.İbrahimbəyov özünün başqa namizədi olduğunu bildirmişdi. Mətbuatda səsləndirilən iddialarda isə həmin şəxsin Abbas Abbasov olacağı ehtimallarından bəhs edilir.

Anar
AzNews.az