Milli Şuradan Rəhim Qazıyevə cavab gəldi

“Bunları Rəhim Qazıyevə yaraşdırmıram”



Keçmiş müdafiə naziri Rəhim Qazıyev Milli Şuranı və orada təmsil olunanları riyakarlıqda ittiham edib. Sabiq nazir R.Qazıyev Publika.Az-a müsahibəsində Milli Şuranın rəhbərliyini aşağılamaqdan belə çəkinməyib:

"Əgər bu Milli Şuranın başında Eldar Namazov dayanırsa, mənim bu qurumda təmsil olunmağım axmaqlıq olardı. Çünki Eldar Namzov da kimlərinsə adamıdır. Ona inanmaq və etibar etmək olmaz. Eldar Namazovun kimliyi isə hamıya bəllidir".

Bununla bağlı AzNews.az-a münasibət bildirən Milli Şura üzvü Köçəri Hağıbəyli isə R.Qazıyevin fikirlərinə aşağıdakı kimi münasibət bildirib:

"Heç kəsin kimisə təhqir etməyə ixtiyarı yoxdur. Xüsusilə də özünü ziyalı hesab edən biri bu davranış tərzindən imtina etməlidir. Partiya mənsubiyətindən, mövqeyindən asılı olmayaraq heç kəs qarşısındakı insanı təhqir etməmlidir. Milli Şurada olan insanların əksəriyyətini tanıyıram. Orada daha çox millətini, xalqını sevən insanlar cəmləşib. O cümlədən də Eldar Namazov dövlətini sevən bir ziyalıdır. Açığı mən bunları Rəhim Qazıyevə yaraşdırmıram".

Bahar Rüstəmli
AzNews.az