Küçə siyasəti


Uzun illər hakim rejimin əsas təbliğat şüarlarından biri "AXC-Müsavat cütlüyünün dövründə xalqımız küçəyə çıxa bilmirdi" şəklində olub. Elə camaat özü də qabağına kamera, mikrofon çıxanda ilk səsləndirdiyi arqument məhz bu küçə məsələsi ilə bağlı olubdur, bunun cürbəcür, rəngarəng variantları xalqın ağzından çıxıbdır.

Məsələn, biri deyib o vaxt gecələr küçəyə çıxa bilmirdik, başqası deyib küçəyə çıxanda güllə ilə vururdular, üçüncüsü deyib çıxmağa küçə də yox idi və sairə.
Bu küçə fenomeninə elə-belə, dırnaqarası yanaşmaq düzgün deyil. Xalqın yaddaşında, gün-güzəranında, siyasi baxışlarında, keçmiş və gələcəyində bu qədər önəmli rol oynayan küçə məsələsi təsadüfi ola bilməz. Mən bu yaxınlarda, konkret desəm 3 gün qabaq bunu bir daha özüm üçün aydınlaşdırdım.

Hardasa gecə saat 11 radələri olardı, bir dostum zəng vurdu ki, yaxınlıqdakı parka gəl, çay içək, söhbət edək. Açığı, xeyli vaxtdır məhz o saatlarda küçəyə çıxmırdım, o üzdən gördüyüm mənzərəyə təəccübləndim: millət, necə deyərlər, uşaqlı-böyüklü küçələrə tökülmüşdü. Hansısa tində dairəvi əyləşib səfeh söhbətlər aparan yeniyetmələr, skameykada oturub əsnəyən qarılar, parkdakı çayçıda sulu qəlyan püfləyən bekarlar, sadəcə əlini belinə qoyub ulduzlara baxa-baxa dolaşan, guya Kainatın problemlərini həll edən ağsaqqallar və sairə... Bütün millət küçədə idi.

Amma millət küçədə gəzməyib neyləsin? Bu haqda da düşünməyin mənası vardır. Həmin saatlarda evində oturan yazıq azərbaycanlının seçim üçün neçə variantı var ki?

Birincisi, onun evi demək olar yoxdur. Orta statistik azərbaycanlıya düşən mənzilin kvadratmetri rəsmi dövlət rəqəmlərinə görə 6-7 kvadratmetr arasında dəyişir. Yəni, bu, zindan kamerasından kiçik otaq eləyir. Halbuki, sivil dünya standartında, tibbi və sairə normalara görə 1 insanın yaşayış sahəsi minimum 30-40 kvadrat arası olmalıdır. İndiki halda basabas mənzildə oturub neyləmək olar?

İkincisi, orta statistik azərbaycanlının evdə əyləşib necə deyərlər, "mədəni istirahət" eləmək imkanları sıfırın altındadır. Kitab oxuyan deyil, musiqini təkcə dinləməyi sevmir (gərək hamı bunun hansı düşük mahnıya qulaq asdığını eşitsin), faydalı əməklə də məşğul olaraq yorulmayıb ki, vaxtında yıxılıb yatsın. Ən yaxşı halda televizorun pultu, "Fatmagülə baxaq, yoxsa "Qalatasaraya" mövzusu üzərində ailə davası apara bilərlər.

Üçüncüsü, orta statistik azərbaycanlının maddi vəziyyəti də yaxşı deyil ki, o, ailəsi ilə birgə teatra, hansısa mədəni tədbirə getsin, yaxud, ailəvi istirahət turlarına çıxsın, dünyanı dolaşsın və sairə.

Yəni, bu adamın küçəyə çıxıb tində-bucaqda oturmaqdan başqa alternativi yoxdur. Küçə - bu adamın alın yazısıdır. Bəlkə də bu səbəbdən orta statistik azərbaycanlının həyatdakı ən böyük arzularından biri adının hansısa küçəyə qoyulmasıdır. Halbuki, bir çox dünya şəhərlərində küçələrə ümumiyyətlə, adam adı verilmir, onları rəqəmlərlə nömrələyirlər: 1-ci küçə, 4-cü döngə və sairə.
Hakimiyyətin əsas fəaliyyət sahələrindən biri də məhz "küçələrin abadlaşdırılması" adlanır. İnsanların həyat şəraitinin yaxşılaşdırılması, ev, mənzil, təhsil, səhiyyə və sairə hüquqları "küçə abadlaşdırmaq" kimi absurd bir istiqamətin arxasında qeyb olmuşdur.

Gördüyünüz kimi, 20 ilə yaxındır küçə mövzusunun istismarı təsadüfi deyil. Dəli şeytan deyir ki, bu "küçə" sözünün bizim köçəri keçmişimizlə də hansısa əlaqəsi, bağları vardır. Bəlkə də bu söz qədimdə "küçəri" şəklində olubdur.

Kim küçənin ağasıdırsa, o, azərbaycanlıların da ağasıdır.

AzNews.az