Azay Quliyev ATƏT PA-da qətnamə qaldırdı

ATƏT PA-nın mətbuat xidməti İyunun 17-də Kopenhagendən deputat Azay Quliyevin müəllifi olduğu "ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi" adlı qətnamə layihəsi barədə press reliz yayıb.

AzNews.az-ın məlumatına görə, vətəndaş cəmiyyətinin hər zaman müzakirələrə əlavə dəyər gətirdiyini deyən A.Quliyev ATƏT PA-ya təklif etdiyi qətnamədə üzv dövlətləri QHT-lər və digər vətəndaş cəmiyyəti institutları ilə daha sıx dialoqa və əməkdaşlığı gücləndirməyə çağırıb: "QHT-lər yalnız müşahidəçi kimi yox, həm də qərar vermə prosesində aktiv rol oynamalıdılar".

21 ölkədən olan 56 parlament üzvü tərəfindən dəstəklənən qətnamə layihəsi, həmçinin, ATƏT-ə üzv olan ölkələri QHT-lər üçün informasiya resurslarından istifadə məhdudiyyətlərini aradan qaldırılmağa və onların maliyyə resurslarının şəffaflığını artırılmağa çağırır.

Sözügedən qətnamə layihəsi bu il iyunun 29-dan İyulun 3-dək ATƏT PA-nın İstanbulda keçiriləcək illik sessiyasında səsverməyə qoyulacaq. Açıqlamada o da bildirilir ki, illik sessiyada qəbul olunan qətnamələr ATƏT-in gələcək siyasətinin formalaşdırmasına kömək edir.

Xatırladaq ki, Azay Quliyevin müəllifi olduğu qətnamə layihəsi ATƏT PA-nın İstanbul sessiyasında müzakirəyə çıxarılan 29 qətnamə layihəsi içərisində dəstək aldığı ölkələrin sayına görə Amerikadan sonra ikinci yerdədir.

AzNews.az