Bayram Səfərov prezidentlərin bəyanatından narazılıq etdi

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya prezidentlərinin Qarabağla bağlı verdiyi son bəyanata münasibət bildirib.

İcma rəhbəri modern.az-a açıqlamasında bildirib ki, həmsədr ölkələrin prezidentlərinin bəyanatındakı sülh çağırışlarını dəstəkləyir. "Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz sülhün tərəfdarıyıq. Ancaq Ermənistan tərəfi sülh məsələsinə heç vaxt diqqət vermir. Azərbaycanın atdığı addımlara adekvat reaksiya sərgiləmir. Azərbaycan işğala məruz qalan, Ermənistan isə işğal edən dövlətdir. Həmsədr ölkələrin prezidentlərinin bəyanatında isə işğalçı ilə işğala məruz qalan ölkəyə eyni tövsiyyələr verilir, eyni çağırışlar edilir Bu, doğru yanaşma deyil. Biz Amerika, Rusiya və Fransanın sülh çağırışlarına cavab veririk. Bəs, bizim işğal altında olan torpaqlarımızın aqibəti necə olacaq? Bir milyondan artıq insanımızın ata-babasının qəbirləri yerlə yeksan edilib. Buna necə baxırlar? İndi də işğal altında olan torpaqlarımıızn təbii sərvətlərini talayırlar"-deyə B.Səfərov prezidentlərin bəyanatından narazılıq edib.

B.Səfərov deyib ki, Azərbaycanın sülh yolunu tutması öz torpaqlarından vaz keçməsi anlamına gəlmir: "Ermənistan uzun zaman tutduğu destruktiv yoldan əl çəkməyəcəksə Azərbaycanın öz torpaqlarını yalnız hərb yolu ilə azad etmək imkanı qalacaq. Ona görə də mən icma rəhbəri kimi Minsk Qrupuna həmsədrlik edən ölkələri Qarabağ məsələsində gerçəkliyə söykənib bəyanat vermələrini istərdim. İndi bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Ona görə də dünyanı beynəlxalq hüquq normalarına, özünün qəbul etdiyi qərarlara hörmətlə yanaşmasını istəyirəm və dünyanı buna çağırıram".

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın prezidentləri "Böyük səkkizlər"in sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Barak Obama, Vladimir Putin və Fransua Ollandın imzaladığı bəyanatda münaqişə tərəflərinin danışıqlar prosesində problemin həllinə nail ola bilməməsindən dərin təəssüf hissi ifadə olunur:

"Biz münaqişə tərəflərinin danışıqlar prosesinin gedişində hər iki tərəfin maraqlarına uyğun həll yolu tapmaq əvəzinə, birtərəfli fayda əldə etmək cəhdlərini davam etdirməsindən dərin təəssüf hissi keçirdiyimizi ifadə etmək istəyirik. Əminik ki, münaqişənin sülh yolu ilə həllinə aparacaq balanslaşdırılmış çərçivə razılaşmasının əldə olunmasının bundan sonra da gecikdirilməsi qəbuledilməzdir. Biz Ermənistan və Azərbaycan liderlərini güclərini yenilənmiş enerji ilə həlli açıq qalmış məsələlərin həllinə cəmləşdirməyə çağırırıq"-deyə bəyanatda qeyd olunub.

AzNews.az