YAP “Freedom House”un hesabatına sərt cavab verdi

"Bir qrup xarici ölkə QHT-ləri var ki, onları Azərbaycanda baş verən hadisələr qətiyyən maraqlandırmır. Həmin təşkilatlar əzəldən ölkəmizlə bağlı qərəzli mövqedədirlər və buna müvafiq hesabat hazırlayırlar".

AzNews.az-ın məlumatına görə, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu təşkilatlardan "Freedom House" təşkilatıdır: ""Freedom House"un hər il hazırladığı hesabatda yalnız il rəqəmi dəyişir. Azərbaycan öz müstəqillik illərində demokratik konstitusiyasını qəbul etdi və bir-birinin ardınca demokratik seçkilər həyata keçirdi. Ölkəmiz insan hüquq və azadlıqlarını nəinki elan etdi, hətta onu qəbul etdi. Bu gün ölkəmizdə söz, mətbuat azadlığı var və iqtisadi vəziyyət kifayət qədər güclənib. Azərbaycanda bu müddət ərzində cəmiyyətin ayrı-ayrı dövlət orqanları üzərində ictimai nəzarət formaları qəbul edilib".

A.Mirzəzadənin fikrincə, bütün bunları "Freedom House" kimi beynəlxalq təşkilatlar görməzliyə vurur: "Hesab edirəm ki, həmin təşkilat sadəcə olaraq, bunları görmək istəmir. Bunun arxasında isə kimin və nəyin dayandığını ancaq təsəvvür etmək olar. Bu baxımdan düşünürəm ki, "Freedom House"un növbəti dəfə Azərbaycanla bağlı qara rəngdə verilən hesabatı tamamilə gözlənilən idi".

Anar
AzNews.az