YAP-dan Obama-Putin-Olland üçlüyünə etiraz

"Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Azərbaycan cəmiyyətini razı sala bilməz".

AzNews.az-ın məlumatına görə, bu sözləri YAP-çı deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, lider ölkələrin bəyanatının tonu Azərbaycan cəmiyyətində təəssüf doğurur: "Ermənistanla Azərbaycanı tərəzinin eyni gözünə qoymaq, Ermənistanın ölkəmizə təcavüzünə göz yummaq yolverilməz məsələdir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün BMT-nin Nizamnaməsini kobud surətdə pozan Ermənistana şans vermələri təəccüb doğurur. Azərbaycanı öz ərazi bütövlüyünü qoruduğuna görə, "birtərəfli qaydada xeyir tapmağa çalışır" ifadəsi ilə günahlandırmaq beynəlxalq hüquq normalarını ağıq şəkildə kənara qoymaq deməkdir".

A.Mirzəzadənin sözlərinə görə, üç böyük və nüfuzlu dövlətin hələ də Ermənistana işğalçı deməkdən çəkinməsi, onu maraqlarını qorumağa imkan verməsinin səbəbi başa düşülən deyil və bu yanaşma ilə dünyanın sabitlik nizamını hər an pozmaq olar: "Həmsədr ölkələrin bəyanatı Ermənistanın işğalçılıq siyasətini bundan sonra da davam etdirməsi üçün ideal şərait yaradır. Nəinki Azərbaycan, hətta dünya da onların ədalət prinsipini Ermənistanın xeyrinə interpretasiya etməsinə ancaq təəccüb edə bilər".

Deputat iddia edib ki, bəyanatın ümumi tonu istənilən variantla məsələnin qapadılmasına yönəldilib: ""Biz Ermənistan və Azərbaycanın liderlərini açıq qalan məsələlərin həllinə diqqəti yönəltməyi çağırırıq" ifadəsi isə sadəcə diplomatik protokol ifadəsidir. Ancaq bəyanatın sonuncu abzası hər halda bu dövlətlərin xarici siyasət idarələrində beynəlxalq hüquq normalarını bilən diplomatların olmasından xəbər verir. Çağırış qismən də olsa ədalətə çatmağa xidmət edə bilər. Orada deyilir: "Biz tərəflərin rəhbərlərini qətiyyətlə Helsinki prinsiplərinə, o cümlədən güc işlətməmək, ərazi bütövlüyü və xalqların bərabərhüquqlu və öz müqəddəratını təyin etmə prinsiplərinə sadiq olmalarını bir daha nümayiş etdirsinlər". Ciddi fikirdir, ancaq bəyanatın əvvəlində özünə dəstək görən Ermənistan rəhbərliyi axırıncı abzası oxuyacaqmı?" deyə, deputat sual edib.

Qeyd edək ki, 18 iyunda "böyük səkkizliyin" sammitində ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin prezidentləri Vladimir Putin, Barak Obama və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış ediblər.

Bəyanatda prezidentlər qeyd edirlər: "Biz təəssüf hissi keçiririk ki, tərəflər danışıqlar prosesi zamanı qarşılıqlı maraqları nəzərə almaqla münaqişənin həll yolunu tapmaq əvəzinə birtərəfli qaydada xeyir tapmağa çalışıblar".

Anar
AzNews.az