“Müsavat Partiyası başqa bir namizəd irəli sürücək“ - Arif Hacılı

Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından olan Müsavat başqanı İsa Qəmbər "Media forum" saytına açıqlamasında deyib ki, Demokratik Qüvvələrin Milli Şurasının 2 illik keçid dövrü üçün vahid namizədi olmaq fikri yoxdur.

Prezidentliyə vahid namizəd olmağı ilə bağlı təklif verməyib: "Demokratik Qüvvələrin Milli Şurası partiya üzvü olmayan ziyalılarımızdan birinin 2 illik keçid dövrü üçün vahid namizəd kimi irəli sürülməsi konsepsiyası əsasında yaranıb. Müsavat Partiyasının da bu meyarlara cavab verən prioritet namizədi Rüstəm İbrahimbəyovdur. Hazırda bu məsələ müzakirə mərhələsindədir. Təsis bəyannaməsində 2 illik keçid dövrü hökuməti ilə bağlı kifayət qədər ciddi müddəalar var. Eyni zamanda bu, bir bəyannamədir. İndiki mərhələdə ciddi sənədə ehtiyac var, bu sənədin layihəsi hazırlanmalıdır. İyunun 18-də Eldar Namazov və Əli Kərimli ilə işçi görüşümüzdə digər məsələlərlə yanaşı bu istiqamətdə də fikir mübadiləsi olub".

İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə edən açıqlamasına Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının bununla bağlı musavat.com-a fikirlərini bildirib. Arif Hacılı bildirib ki, İsa Qəmbər Müsavat Partiyasının prezidentliyə namizədinin Rüstəm İbrahimbəyov olduğunu deməyib: "İsa Qəmbər bildirib ki, 2 illik keçid dövrü üçün vahid namizəd kimi irəli sürülməsi konsepsiyası var və Müsavat Partiyasının da bu meyarlara cavab verən prioritet namizədi Rüstəm İbrahimbəyov ola bilər. Yəni bu, nəzəri bir fikirdir. Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Əgər İsa Qəmbər prezidentliyə öz namizədliyini 2013-cü il seçkilərində irəli sürməyəcəksə, Müsavat Partiyası bu məsələni müzakirə edərək başqa bir namizəd irəli sürəcək. Bu namizəd Müsavat Partiyasının üzvlərindən biri də ola bilər, Müsavatın üzvü olmayan şəxs də ola bilər. Ancaq bunu Müsavat Partiyası özü müəyyən edəcək".

AzNews.az