Milli Şurada komissiya qalmaqalı – BÖHRAN

Eldar Namazov yaranan problemi çözmək üçün Moskavaya uçdu

Milli Şuranın tərkibində yeni komissiya və komitələrin yaradılması qurum daxilində ciddi narazılığın yaranmasına səbəb olub.
Bu barədə AzNews.az-a daxil olan məlumatda bildirilir ki, qurumun iyunun 21-də keçirilən ilk sessiyasında açıqlanan komissiya və komitələrin siyahısı MŞ-də təmsil olunan bir sıra nüfuzlu şəxslərin xoşuna gəlməyib.

Qeyd edək ki, MŞ-in iyunun 21-də keçirilən iclasında Milli Şuranın 17 komissiya və komitəsi və onların rəhbərlərinin adları elan olunmuşdu. İlk öncə bu məsələ səsverməyə çıxarılıb qəbul edilmişdi. Lakin bunun ardınca bir sıra önəmli şəxslərin etirazları olmuş, qurumda bir sıra mənasız və artıq komissiyaların olduğu bildirilmişdi. Bundan sonra Müsavat başqanı İsa Qəmbər bu məsələni yenidən səsverməyə çıxarmağı təklif etmiş və komissiyaların tərkibinə bir daha baxılması, onların azaldılması və siyahıya göz gəzdirilməsinin ardından MŞ-in növbəti iclasında bu məsələnin yenidən səsə qoyulmasını istəmişdi. İ.Qəmbərin təklifi qəbul edilmiş və Milli Şura özünün ilk iclasında yarım saat əvvəl qəbul etdiyi qərarı yarım sonra yenidən səsə qoyub ləğv edərək, absurda imza atmışdı. Beləliklə, qurumun tərkibində yaradılan komissiyaların təsdiqlənməsi məsələsi MŞ-in növbəti toplantısına ertələnmişdi.

MŞ üzvləri arasında komissiyaların yaradılması ilə bağlı yaranan ikitirəliyin səbəbləri barədə əldə etdiyimiz məlumatda qeyd olunur ki, qurumun açıqlanan komissiyaları icra katibi Eldar Namazov tərəfindən hazırlanmış və sədr Rüstəm İbrahimbəyovun razılığı alınıbmış. Milli Şurada təmsil olunan digər partiya rəhbərləri və nüfuzlu şəxslərin isə bu siyahı barədə o qədər də dolğun məlumatı olmayıbmış. Məlumatı olan AXCP sədri Əli Kərimli və Müsavat başqanı İ.Qəmbər isə ilkin müzakirələrdə komissiyaların tərkibi ilə razı olmasa da, bunu səsverməyə çıxarmış, yekun nəticədə isə siyahının qəbul edilməməsinə nail olmuşdular.

Məsələnin təfərrüatları ilə bağlı saytımızı bilgiləndirən Milli Şura üzvünün sözlərinə görə, ilkin siyahısı etirazlara səbəb olan E.Namazovun gözlənilmədən Moskvaya səfər etməsinin kökündə də məhz bu məqam dayanır. Belə ki, qurumdakı digər əsas fiqurlarla komissiyalarla bağlı razılığa gələ bilməyən E.Namazov bunun ardınca məsələ ətrafında yekun məsləhətləri almaq üçün Moskvaya R.İbrahimbəyovla görüşməyə gedib. Məlumatlı şəxsin sözlərinə görə, MŞ-in tərkibində yaradılan komissiyaların bir növ qurumun "kölgə kabineti" funksiyasını yerinə yetirəcək olması MŞ-dəki digər əsas fiqurların kəskin etirazı ilə qarşılanıb. Bu səbəbdən də yaranan narazılığı aradan qaldırmağa çalışan MŞ-in icra aparatının rəhbəri E.Namazov qurumun sədri ilə məsləhətləşmək üçün Rusiyaya səfər edib.

Daxil olan məlumatda o da bildirilir ki, komissiyaların tərkibi ilə bağlı yaranan problem E.Namazovun qurumun sədri R.İbrahimbəyovla görüşüb, həll edilməyənə qədər qədər MŞ-in növbəti iclası təxirə salınıb. Bildirilir ki, E.Namazovun R.İbrahimbəyovla görüşüb, bu problemlə bağlı məsləhətləşməsinin ardından məsələ MŞ-ə daxil olan rəhbər şəxslərlə bir daha ətraflı müzakirə olunacaq, bunun ardınca isə qurumun növbəti sessiyası keçiriləcək, komissiyaların təsdiqlənməsi həmin sessiyada səsverməyə qoyulacaq. Onu da qeyd edək ki, MŞ-in növbəti sessiyasının E.Namazovun ölkəyə qayıdışından sonra, iyulun 2-də keçirilməsi planlaşdırılıb. E.Namazovun bu həftə ölkəyə qayıdacağı bildirilir.

Saytımızı məlumatlandıran MŞ üzvü onu da deyir ki, E.Namazov komissiyaların siyahısını tərtib edərkən, bir çox hallarda, hətta oraya rəhbər kimi yazdığı şəxslərin özlərinin belə razılığını almayıbmış.

Qeyd edək ki, MŞ-in iyunun 21-dəki sessiyasında bu məsələnin həqiqətən də belə olduğu ortaya çıxmışdı. Yaradılan keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında sənədin hazırlanması üzrə işçi qrupunun rəhbəri təyin olunan tanınmış hüquqşünas Ənnağı Hacıbəyli siyahıya etirazını bildirmiş, bu işi öz öhdəsinə götürməklə bağlı heç kimə razılıq vermədiyini bəyan etmişdi.
Mənbə son olaraq qeyd edir ki, E.Namazovun R.İbrahimbəyovla məsləhətləşməsinin ardınca MŞ-in tərkibində yaradılacaq komissiyaların sayının minimuma endiriləcəyi gözlənilir: "Komissiyaların sayının çox olması belə bir görüntü yaradır ki, bu, Milli Şuranın "kölgə kabineti"dir. Halbuki qurumda digər partiya rəhbərləri bu görüntünün yaranmasının qəti əleyhinədirlər. Çünki komissiyalara partiyalardan çox az şəxsin daxil edilməsi partiyalarda ciddi narazılığa səbəb olub. Buna görə də partiya sədrləri tələb edir ki, Milli Şuranın tərkibində yaradılan komissiyalar maksimal dərəcədə az olsun və görülməsi ən vacib olan işlərlə bağlı yaradılan komissiyalardan başqa, digərlərinin hamısı siyahıda çıxarılsın".

Azər
AzNews.az