“Vahid namizəd olmağa razılıq vermişəm”

Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov şuranın icra aparatının rəhbəri Eldar Namazovla Moskvada keçirdiyi görüşdə müzakirə olunan məsələləri açıqlayıb.

Rüstəm İbrahimbəyov iyunun 28-də "Media forum" saytına deyib ki, Milli Şuranın fəaliyyətini, gələcək planları müzakirə ediblər. Onun sözlərinə görə, iyulun 2-də Milli Şuranın sessiyası keçiriləcək: "Sessiyanın təşkilati məsələlərini, gündəliyini müzakirə etdik. Biz təklif etmişik ki, iclasda vahid namizədlə bağlı məsələ də müzakirə olunsun. Amma hansı məsələlərin müzakirəyə çıxarılması haqda qərarı sessiya iştirakçıları verəcək. İclasda Milli Şura komissiyalarının formalaşdırılması da başa çatdırılacaq".

Milli Şuranın sədri deyib ki, indi vahid namizədlə bağlı şərtlər hazırlanır: "İş artıq yekunlaşmaq üzrədir, iyulun 2-də keçiriləcək sessiyayadək hazır olacaq. Vahid namizəd olması nəzərdə tutulan şəxs həmin şərtlərlə razı olsa, onun namizədliyi irəli sürüləcək. Mən şərtlərlə tanışam. Hesab edirəm ki, normal şərtlərdir, vahid namizəd üçün heç bir çətinlik yaratmayacaq".

Rüstəm İbrahimbəyov bildirib ki, Milli Şuranın vahid namizədi ilə bağlı şərtləri qəbul edir: "Əgər mənim namizədliyim irəli sürülsə, bununla razılaşacam. Vahid namizəd olmağa razılıq vermişəm".

Sədrin sözlərinə görə, hazırda Milli Şura rəhbərliyinin Avropaya, ABŞ-a səfəri ilə bağlı müzakirələr aparılır: "Görüşəcəyimiz şəxslər dəqiqləşdirilir, səfər proqramı müzakirə olunur".

AzNews.az