“Qarabağ bloku”nda seçki ikitirəliyi: bir blokda iki namizəd

İqbal Ağazadə və Sərdar Cəlaloğlu seçkiyə ayrı-ayrı gedir

"Sərdar Cəlaloğlu bu gün prezidentliyə namizəd olan şəxslərin heç birindən əskik deyil. Əlbəttə o da prezidentliyə namizəd ola bilər".

Bu sözləri AzNews.az-a açıqlamasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib. O, "Qarabağ bloku"nda birgə təmsil olunduqları Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizəd olacağı ilə bağlı açıqlamasına münasibət bildirib.

Ümid sədri deyib ki, "Qarabağ bloku"ndan həm onun, həm də ADP sədrinin prezidentliyə namizəd olması birliyin dağılacağı anlamına gəlməməlidir: "Ümid və ADP ayrı-ayrı partiyalardır və hər iki partiyanın müəyyən siyasi iddiaları var. Əgər hər iki partiyanın eyni maraqları olsaydı, partiyalardan birini buraxıb, eyni ad altında birləşərdik. Bu baxımdan, ADP-nin də seçkilərdə öz namizədi ilə iştirak etmək niyyətini normal qarşılayıram və bu, bizim Sərdar bəylə olan müttəfiqliyiməz, şəxsi münasibətlərimizə heç bir halda təsir göstərə bilməz".

İ.Ağazadənin sözlərinə görə, seçkilərə ayrı-ayrı getsələr də, yekun olaraq ortaq mövqeyə gəlməyə çalışacaqlar: "Hər bir halda çalışacağıq ki, seçkilərə bir yerdə gedək. Seçkinin müəyyən mərhələsində birləşə bilərik".

Ümid sədri bildirib ki, "Qarabağ bloku" daxilində də bu məsələ müzakirə olunub və heç bir narazılıq yaranmayıb: "Biz dostlarımıza qərarlarında təzyiq etmirik. Demişik ki, əgər ADP seçkilərə ayrıca olaraq getmək qərarına gəlsə, biz də istənilən formada partiyaya yardımçı olacağıq".

Qeyd edək ki, bu il prezidentliyə namizədliyini irəli sürəcək siyasətçilərdən biri də Ümid Partiyasının sədri İ.Ağazadədir. ADP sədri S.Cəlaloğlu prezidentliyə namizəd olacağı ilə bağlı açıqlamanı bu həftə verib. Hər iki partiya sədri 2010-cu ildə parlament seçkiləri ərəfəsində yaradılmış "Qarabağ bloku"nda mütəffiqdirlər.

Anar
AzNews.az