Aydın Abbasovdan mətbuata mühüm mesaj: “Qoy seçki qurtarsın...”- ÖZƏL

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, millət vəkili Aydın Abbasov AzNews.az-a açıqlamasında deputat mandatını təhvil verməyə hazırlaşması ilə bağlı xəbərlərini təkzib edib.

Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin bugünkü sayında dərc olunan yazıda bildirilir ki, A.Abbasov atası Aydın Abbasova son zamanlar edilən təzyiqlərə görə deputat mandatını təhvil verməyə hazırlaşır. Yazıda iddia olunur ki, A.Abbasov mandatını "səhhətində yaranan problemlərlə görə" təhvil verməyi planlayır: "Aydın Abbasov atasının Bakıya gəlməsinə qoyulan qeyri-rəsmi qadağadan ciddi narazılığını parlament rəhbərliyi vasitəsilə yuxarılara çatdırıb. O, atasının hakimiyyətə sədaqətli olduğu, yalnız bəzi adamların prezidentə qəsdən yalan məlumat verməsi səbəbindən münasibətlərin korlandığı qənaətindədir. Ona görə də bu münasibəti qəbul edə bilmir və mandatını təhvil verəcəyini deyib".

A.Abbasov AzNews.az-a açıqlamasında isə bu iddiaları təkzib edib. Mandatını təhvil verməyə hazırlaşması ilə bağlı məlumatı gülərək qarşılayan deputat deyib ki, səhhətində heç bir problem yoxdur, çox sağlamdır. O bildirib ki, bu cür yazılar qərəzli məlumatlardır və bu səbəbdən də belə yazılara münasibət bildirməyi lüzumsuz hesab edir: "Belə bir şey yoxdur. Mandatımı təhvil verməyə, bir yerə getməyə hazırlaşmıram. Mən gözləyirəm, inşallah, prezident seçkiləri arxada qalsın, cənab prezidentin qələbəsi təmin olunsun, biz maraqlanıb, soruşarıq görək, bu yazıları kimlər yazdırır, kimlər sifariş verdirir, ümumiyyətlə, belə yazılar nəyə lazımdır?!" Aydın Abbasov özü haqqında mətbuatda bu cür yazıların davamlı dərc olunduğunu və bunlara əhəmiyyət vermədiyini qeyd edib.

Anar
AzNews.az