İlham Əliyev MDB Dövlət Başçıları Şurasında çıxış edib

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir. AzNews.az-ın məlumatına görə, oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir. Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edir. Belarus prezidenti Aleksandr Lukaşenko iclasda iştirak edən dövlət başçılarını "Müstəqillik sarayı"nda qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Prezident Aleksandr Lukaşenko dövlət başçılarını iclasın gündəliyi ilə tanış etməzdən əvvəl prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etdi, ona ali dövləti vəzifəsində uğurlar arzulayıb. A.Lukaşenko deyib ki, MDB dövlət başçılarının növbəti iclasının gündəliyində müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 14 sənəd layihəsi müzakirə olunacaq. Humanitar sahədə əməkdaşlıq üzrə müzakirə olunacaq əsas məsələ sovet xalqlarının faşizm üzərində qələbəsinin 70-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimə hazırlıq, 2015-ci ilin MDB ölkələri üçün "1941-1945-ci illərin Böyük Vətən Müharibəsi veteranlarının ili" elan edilməsi və vahid yubileyə mükafatının təsis edilməsi olacaq. Digər müzakirələrdə ötən il ərzində görülmüş işlərə nəzər salınacaq, bəzi məsələlər barədə fikir mübadiləsi aparılacaq, müxtəlif yanaşmalar olan sənədlərlə bağlı cavab layihələri müzakirə ediləcək. Gündəliyə iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair, eləcə də insan və maliyyə təhlükəsizliyinin təmin olunmasında və Birliyin fəaliyyətinin digər istiqamətlərində inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlmiş layihələr ətrafında fikir mübadiləsi aparılacaq. Daha sonra MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev iclasın gündəliyi barədə qısa məlumat verib. Məhdud tərkibdəki iclasda çıxış edən prezident İlham Əliyev səmimi təbrikə görə Belarusun prezidenti Aleksandr Lukaşenkoya təşəkkürünü bildirib. Dövlətimizin başçısı bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın və dostluğun, sülh və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti bildirib ki, MDB ölkələrini bir-birinə tarixi köklər bağlayır, xalqlarımız Böyük Vətən müharibəsində faşizm üzərində birgə qələbə çalıblar. İndi də ölkələrimiz arasında çox səmərəli siyasi-iqtisadi münasibətlər mövcuddur. İ.Əliyev bir neçə gündən sonra Bakıda keçiriləcək Humanitar Forum barədə də məlumat verib. Daha sonra digər dövlətlərin başçılarının çıxışları dinlənilib. Rusiya Prezidenti Vladimir Putin birlik ölkələri arasında iqtisadi əməkdaşlıq və inteqrasiya proseslərinin inkişaf etdirilməsinin, terrorizmlə mübarizədə birgə səylərin zəruriliyini önə çəkib, 2014-ci ilin "Turizm ili", Almatı və Oş şəhərlərinin MDB-nin mədəniyyət paytaxtları elan olunmasını dəstəkləyib.

Digər dövlət başçıları da müzakirə olunan məsələlərlə bağlı fikirlərini söylədilər, gündəliyi dəstəklədiklərini bildirdilər. İclas öz işini geniş formatda davam etdirəcək.

AzNews.az