Asəf Quliyev: “Rəsul Quliyevlə heç bir əlaqəm yoxdur”

"Əgər Rəsul Quliyevə hansısa hərəkat lazım idisə, onu yaradıb, inkişaf etdirərdi. Mənim isə Rəsul Quliyevlə heç bir əlaqəm yoxdur".


Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin sabiq müavini Asəf Quliyev bildirib. Onun sözlərinə görə, yeni yaradacağı hərəkatın adı da artıq müzakirə olunub:

"Bir neçə variant var. Bircə qalıb ümumi razılıqla vahid adın üzərində dayanmaq. Bu da yaxın günlərdə öz həllini tapacaq".

A.Quliyev onun adının kimlərləsə hallandırılmasının əleyhinə olduğunu da söyləyib: "Bizim nə tanınmış iş adamı Nurəddin Zülfüqarlı, nə də digərlərilə hansısa əlaqəmiz yoxdur. Bunlar tamamilə yanlış fikirlərdir".

Qeyd edək ki, ACP-nin sabiq lideri Rəsul Quliyev Milli Şuradan istefa verdikdən sonra Asəf Quliyevlə birgə hərəkat yaradacağına dair fikirlər səslənib.

Bahar Rüstəmli
AzNews.az