“Suriyadakı dəyişdikdən sonra İranın vəziyyətinin ağır olacaq” “Suriyadakı dəyişdikdən sonra İranın vəziyyətinin ağır olacaq”

Fərhad Mehdiyev: “Suriyanın itirilməsi rəsmi Tehran üçün arzuolunan deyil”

“Suriyadakı dəyişdikdən sonra İranın vəziyyətinin ağır olacaq”


Suriyada proseslər yekunlaşmağa doğru getdikcə İran daha çox canfəşanlıq edir. Rəsmi Tehran BMT-yə çağırış etməkdən başlamış, beynəlxalq konfrans keçirməyə qədər bütün mümkün vasitələrdən istifadə etməklə Suriyada mövcud rejimi qorumağa çalışır. Əslində burda özünüqoruma ifadəsi daha dəqiq yerində səslənir. İran Bəşər Əsədi istefaya çağıran beynəlxalq birliyi kəskin ittiham edir. Həmçinin, Suriya məsələsində müsəlman dövlətlərin tutduğu mövqe rəsmi Tehranı qıcıqlandırır. Bütün bunlar onu deməyə əsas verir ki, artıq İranın yürütdüyü siyasət də birmənalı qarşılana bilməz.

Maraqlıdır, İranın sərgilədiyi mövqenin arxasında cəbhəni dəyişmək niyyətimi dayanır? Bəs bu siyasət sayəsində Suriya cəbhəsində ABŞ-İran-Qərb qarşıdurmasının reallaşması necə, mümkündürmü"

Siyasi ekspert Fərhad Mehdiyev AzNews.az-a İranın Suriya siyasətini şərh edərkən bildirib ki, Rusiya və Çinin fərqli mövqe sərgiləməsi onların kəskin ittiham olunmasına gətirib çıxardığından İranın da eyni aqibətlə üzləşməsi qaçılmazdır: "BMT Təhlükəsizlik Şurasında Suriya məsələsi müzakirə olunanda Rusiya və Çin bu ölkəyə qarşı çıxaracaq qətnamənin əleyhinə oldular. Bu səbəbdən də ABŞ dövlət katibi Hillari Klinton dəfələrlə bəyan edib ki, Suriyada axıdılan hər bir kəsin qanına görə Rusiya və Çinin məsuliyyət daşıyacaq. Hər iki ölkəyə qarşı belə ittihamedici mövqe sərgilənmişdi. Rusiya hazırda mövqeyində bir qədər yumşalma nümayiş etdirir. Ancaq yenə BMT Təhlükəsizlik Şurasının toplantısında qurumun Nizamnaməsinin 7-ci bölüməsinə görə, Suriyaya qarşı güc tətbiqinə dair yeni qətnamə gəlsə, Rusiya ona qarşı yenə veto hüququndan istifadə edəcək. İrana gəldikdə isə Suriyanın regionda bir neçə müttəfiqi var və onların sayı xeyli azdır. Bunlar qeyri-rəsmi olaraq Rusiya və Çindir. Rəsmi olanlar isə İranla Livandır. Yəni bu üç dövlət-Rusiya, İran və Çin regionda müttəfiq ölkələrdir. Bilirsiniz ki, Livanda olan "Hizbullah" təşkilatının İranla çox yaxın əlaqələri var. Adıçəkilən dövlətlər müttəfiq olduqlarından bir-birlərini, həm də rejimi dəstəkləyirlər. Çünki rejimin itirilməsi, həm də müttəfiqlərin itirilməsi deməkdir. İranla həmsərhəd olan Suriyanın itirilməsi rəsmi Tehranın mövcud rejimi üçün heç bir halda arzuolunan hal deyil. İkincisi, Suriyadakı rejim dəyişdikdən sonra İranın vəziyyətinin daha ağlr olacağı, Suriya məsələsi bitdikdən sonra qərb dövlətlərinin İranın üzərinə daha çox gedəcəkləri qorxusu yaşanır. Ona görə də İran özünün ehtiyacı olduğu halda yanacağı Suruyaya verməyə və bununla da rejimin ömrünü bir qədər də uzatmağa çalışır".

Əslində qərb dövlətlərinin İranın üzərinə çoxdan gəldiklərini, buradakı rejimi dəyişmək üçün çoxdan əllərindən gələni etdiklərini vurğulayan F.Mehdiyevin sözlərinə görə, Suriya məsələsi bitdikdən sonra ABŞ-ın, Qərbin İran siyasəti daha sürətli hal alacaq: "Bundan əlavə qərb iddia edir ki, İranın İsrailə qarşı hədələri var. Həqiqətən də İran rəsmilərinin bu hədələrini hamımız dəfələrlə eşitmişik. İran deyir ki, İsrail dövləti olmamalıdır. Amma bununla belə həqiqətdə İran İsrailə qarşı hər hansı bir hərbi hərəkətə əl atan deyil. Lakin qərbin dediklərinə inanılsa, onda Suriyanın ərazisinə İranın ehtiyacının olduğu bəlli olur. Nə üçün? Əgər İranın nə zamansa gedib İranı bombalayacağı bildirilsə, bu mümkün deyil. Ona görə ki, İranın İsraili bombalaması üçün heç bir hərbi gücü yoxdur. Yəni İranın hərbi hava qüvvələri mövcud deyil. Bunun 10-15 ildən sonra baş verə biləcəyi deyilsə də, buna inanmayın. 10-15 il sonra İranın belə bir hərbi hava qüvvələrinə malik olacağı da inandırıcı görünmür. Çünki onların istifadəsində olan köhnə Fantom təyyarələri var. Bir də rusların qırıcı kimi "Su"ları mövcuddur. Bunlar da gedib İsraili bombalaya, onun hava hücumlarına qarşı dura biləcək təyyarələr deyil". Politoloq hesab edir ki, Amerikanın, qərbin İrana qarşı münasibətlərinin bundan artıq kəskinləşəcəyi gözlənilməməlidir: "Əvvəla ona görə ki, qərbin özü Suriyaya hərbi müdaxilə etməyib. Əgər etsəydi, o zaman iranlıların da NATO qoşunlarına qarşı döyüşməsinin mövcud münasibətlərin daha da pisləşməsi ilə nəticələnəcəyi düşünülə bilərdi. Bu gün Suriyada vuruşan qüvvələr müxalifətçi azad Suriya ordusu və hökumət qoşunlarıdır. Qərb bu gün özü Suriyaya açıq müdaxilə etmədiyindən İranın iştirakı da ona qarşı hər hansı bir sanksiyanın alması üçün qətiyyən səbəb deyil".


Gültən

AzNews.az