Rauf Arifoğlu: “AXCP-nin də bizi qınamağa haqqı yoxdur“

Xəbər verdiyimiz kimi, AXCP öz üzvü Vüqar Qədirovun "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı həyata keçirtdiyi tərbiyəsizliyə münasibət bildirib, onu qəti şəkildə pisləyib. Lakin bununla yanaşı, Rauf Arifoğlunun da ünvanına qınaqlar səsləndirib.

Rauf Arifoğlu AXCP-nin münasibəti haqda musavat.com-a bunları deyib: "Reaksiya verdiklərinə və öz üzvlərinin tərbiyəsiz hərəkətlərini qınadığına görə AXCP rəhbərliyini təqdir edirəm. Ümid edirəm ki, bunun ardınca həmin şəxsə partiya cəzası da veriləcək. Lakin hesab edirəm ki, burada ədalət prinsipi axıra qədər qorunmayıb. Mənim və onun hərəkətlərimizə bərabərlik işarəsi qoyulub. Eyni zamanda, şəxsim bir daha hədəf göstərilib - ", Rauf Arifoğlunun AXCP-yə və Milli Şuraya qarşı qərəzli mövqeyi onun təhqir olunması üçün əsas ola bilməz", şəklində. Bəyan edirəm ki, mənim bu qurumlara, xüsusi ilə AXCP-yə qarşı heç bir qərəzim yoxdur.

Zaman-zaman bu təşkilatla qəzetimizin münasibətləri gərgin olsa da, biz hər zaman AXCP-nin, onun rəhbərlərinin iqtidarla mübarizəsində, çətin anlarında onların yanında olmuşuq, dəstəyimizi birmənalı və açıq bildirmişik. Milli Şuraya isə münasibətim neqativdir, bu qurumu Rusiya xüsusi xidmət orqanlarının layihəsi hesab etmişəm, bu münasibətim isə artıq 8 aydan çoxdur ki, xəbər məkanındadır.

Bu da mənim hüququmdur, istənilən təşkilata, siyasi quruma pozitiv, yaxud neqativ münasibət sərgiləməyə görə məni hədəfə almağa, mənəvi terrora məruz qoymağa isə kimsənin haqqı yoxdur.

AXCP-nin məni Vüqar Qədirovla bağlı DİN-ə müraciət etdiyimə görə suçlaması da yersizdir və qəbul etmirəm. Çünki mən bu barədə - AXCP funksionerlərinin və fəallarının şəxsimi hədəfə götürərək, qərəzli kampaniya aparmaları haqda dəfələrlə Əli Kərimli ilə yazışmışam. Ona təklif etmişəm ki, münasibətlər çox pis nöqtəyə doğru inkişaf edir, müdaxilə etsin, ictimai qaydada AXCP üzvlərinə müraciət edib, onları dayandırsın.

Əgər Əli Kərimli zamanında mənim bu təklifimi nəzərə alsaydı, bu cür biabırçılıqlar baş verməyəcəkdi. Digər tərəfdən, bizim münasibətlərin tarixində Əli Kərimlinin də məni və qardaşım Azər Ayxanı hüquq mühafizə orqanlarına şikayət etməsi faktı var. O zaman Əli bəy deputat idi və iqtidarla münasibətləri gərgin deyildi.

Biz aylarla istintaq altında qaldıq. Şikayətdə tələb edilirdi ki, ona böhtan atdığımıza görə bizi həbs etsinlər. Buna görə Əli Kərimlini qınamırıq. Hesab edirəm ki, AXCP-nin də bizi qınamağa haqqı yoxdur. Məsələ ədalətlə həll ediləndən, məni təhqir edən şəxs üzr istəyəndən sonra təbii ki, mən də tərəfimdən uyğun addımı atacam. Lakin görünən budur ki, AXCP funksionerlərinin və üzvlərinin qəzetimiz və şəxsimlə bağlı kampaniyası durmaq bilməməkdədir. AXCP-çilərin bu mənəvi terroruna bir son vermək lazımdır. Bunu da ancaq Əli Kərimli edə bilər.

Mən demokratik düşərgənin ən uğurlu və uzunömürlü layihəsinə başçılıq edirəm. Qəzetimin və rəhbərlik etdiyim saytın tirajı respublikada 1-cidir. 61 nəfər Azərbaycan vətəndaşını –ailəsini daimi işlə təmin etmişəm. Qəzetimizin nüfuzu Azərbaycanda, Rusiyada, Türkiyədə, Avropada, Amerikada dəfələrlə etiraf olunub.

Belə bir media quruluşunu hansı "obyektiv" səbəbdən bu cür hədəfə götürmək olar, anlamıram. Bizə dost olmaq var ikən, düşmənçiliyin seçilməsini də təqdir etmirəm ".


AzNews.az