Erik Rubin: “Azərbaycan yüklərin daşınmasında vacib rol oynayır“

Azərbaycan Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) sırasında, eyni zamanda, Əfqanıstana və geriyə həm quru yolla, həm də hava nəqliyyatı vasitəsilə yüklərin daşınmasında önəmli rol oynayır. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
E.Rubin qeyd edib ki, Əfqanıstanda döyüş əməliyyatlarının başa çatdığı bir mərhələdə artıq qarşıda fərqli tapşırıqlar və vəzifələr durur və bu həftə NATO ölkələrinin keçirdiyi görüş də məhz bu mövzuya həsr olunmuşdu:
"Biz inanırıq ki, Azərbaycan bu məsələlərdə də önəmli rol oynamaqda davam edəcək, xüsusilə, Əfqanıstandakı missiya başa çatdıqdan sonra Azərbaycan fərqli bir missiyada da çox vacib rol oynayacaq. Bu missiya Əfqanıstana və geriyə yüklərin daşınmasında, eyni zamanda, Azərbaycanın Əfqanıstan hərbçilərinə və təhlükəsizlik qüvvələrinə keçəcəyi təlimlər formasında ola bilər".


AzNews.az