Erməni nazir: “Snayperlər cəbhə xəttindən geri çəkilməlidir”

Kiyevdə ATƏT nazirlər şurasının 20-ci iclası davam edir.

AzNews.az-ın iclası işini işıqlandıran xüsusi müxbirinin məlumatına görə, bu gün çıxış edən Ermənistanın xarici işlər naziri E.Nalbandyan yumşaq danışıb.

O da Elmar Məmmədyarov kimi Qarabağ probleminin kompleks həllinin tərəfdarı olduğunu qeyd eləyib:

"Öz müqəddəratını həll etmə, ərazi bütövlüyü, güc tətbiq etməmək prinsipləri bir yerdə baxılmalıdır və bu üç prinsipdən biri digərlərindən ayrılmamalıdır. Prezidentlərin son Vyana görüşündən sonra nazirlər də görüşdü. XİN rəhbərləri danışıqları davam etdirməyi qərara gəlib.

İnanırıq ki, Azərbaycan konstruktiv danışıqlar masasına gələcək. Konstruktivlik təkcə danışıqlarda deyil, hərəkətlərdə də olmalıdır. Etimad yaranmalıdır, snayperlər cəbhə xəttindən geri çəkilməlidir".

Amma Nalbandyan yenə də son anda eyham vurmaqdan çəkinməyib. O bildirib ki, son iki il ərzində prezident görüşlərinin baş tutmamasında Ermənistanın günahı olmayıb.

Xatırladaq ki, Elmar Məmmədyarov dünənki plenar iclasda çıxışında Dağlıq Qarabağ münaqişəsi haqqında həmişəkindən yumşaq danışmışdı.

O, jurnaslitlərə müsahibəsində Ermənistanın xarici işlər naziri ilə görüşdə indiyə qədər olduğundan daha konkret məsələlər üzərində müzakirələr aparıldığını demişdi.

Aynur
AzNews.az