I sinifə şagird qəbulunda istisnalar

Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinflərinə 30 mindən çox şagirdin gedəcəyi gözlənilir. Xatırladaq ki, ötən dərs ilində I sinfə qəbul olunan şagirdlərin sayı 32 min 818 nəfər olmuşdu.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə hər il sentyabrın 15 - dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilir. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10 - dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılaraq müvafiq qərar verilir.

Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı şəhərində 5 yeni məktəb binası inşa edilib. 32 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün əlavə korpus tikilib, 68 məktəbdə isə əsaslı təmir işləri aparılıb. Yeni dərs ilində şagirdlərin istifadəsi üçün məktəblərə 221 adda 471 min 330 ədəd dərslik, 32 adda 17 min 776 ədəd dərs vəsaiti verilib.

E.Əlosmanqızı
AzNews.az