Ramil Usubov İran Sərhəd Qoşunlarının komandanını qəbul etdi

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rezayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qonaqları salamlayan R.Usubov qeyd edib ki, ölkələrimiz arasında baş verən inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə - iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə özünü büruzə verir. Belə bir şəraitdə hüquq-mühafizə, o cümlədən ictimai təhlükəsizliyi təmin edən daxili işlər orqanlarının üzərinə böyük məsuliyyət düşür.

Nazir R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.

Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər qeyd olunub və vurğulanıb ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.

İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rezayi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib və belə səfərlərin, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsinin eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin mənafelərinə uyğunluğunu qeyd edib, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

AzNews.az