Ramil Usubov səfirlə görüşdü

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstarı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nazir onu yeni təyinat münasibətilə təbrik edib və əmin olduğunu bildirib ki, bu, Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcək. R.Usubov Daxili İşlər Nazirliyinin strukturu, funksiyaları və fəaliyyət istiqamətləri barədə danışıb.

Müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi hadisələr, Ermənistanın təcavüzü, kriminogen durumun nəzarətdən çıxması, vətəndaş müharibəsi təhlükəsi, xalqın tələbi ilə müdrik dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıdışı və bundan sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sahəsində həyata keçirilən islahatlar barədə qonağa ətraflı məlumat verilib.

Polisin fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, xarici ekspertlərin yaxından iştirakı ilə yeni normativ-hüquqi bazanın yaradılması və digər sahələrdə görülən işləri diqqətə çatdıran nazir, Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları ilə ABŞ səfirliyi arasında əməkdaşlığın son illər daha da möhkəmlənməsindən razılığını ifadə edib.

Səfir Riçard Morninqstar səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, Bakıda ilk dəfə 1995-ci ildə olduğunu xatırladaraq, ötən müddətdə Azərbaycanın inanılmaz dərəcədə inkişaf etdiyini və dəyişdiyini, fəaliyyəti dövründə ölkələrimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hər cür səylər göstərəcəyini söyləyib.

İlkin
AzNews.az