“Bu cür ölkələrin vəziyyəti çox ağır olacaq” “Bu cür ölkələrin vəziyyəti çox ağır olacaq”

İlham Əliyev: “Azərbaycanda internet azaddır”

“Bu cür ölkələrin vəziyyəti çox ağır olacaq”



Bu gün ölkəmizin həyatında gözəl, əlamətdar gündür. Biz MDU-nun Bakı filialının yeni binasını açırıq. Bu gün bu yaraşıqlı bina ilə tanış olarkən mən xəyalən dörd il əvvələ, MDU-nun Azərbaycanda filialının yaradılması haqqında Sərəncam imzaladığım vaxta qayıtdım. Bunu bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimində Prezident İlham Əliyev bildirib: "Əlbəttə ki, bu Sərəncam təsadüfi meydana gəlməyib. Bundan əvvəl Rusiya tərəfi ilə danışıqlar aparılmış və MDU-nun rəhbərliyinin fəal dəstəyi ilə biz belə mühüm qərar qəbul etmişik. Bu, Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsi prosesində, habelə Rusiya ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin möhkəmləndirilməsi çərçivəsində, həqiqətən, əhəmiyyətli qərar idi.

Bakıda MDU-nun filialının yaradılması hüquqi cəhətdən 2008-ci ilin əvvəllərində sənədləşdirilib. Lakin artıq bir il sonra, 2009-cu ildə filial fəaliyyətə başladı. Bina ayrıldı və yadımdadır, 2009-cu ildə biz hörmətli Viktor Antonoviç ilə birlikdə filialı açdıq. Orada çox gözəl şərait yaradılmasına baxmayaraq, artıq o vaxt yeni binanın tikilməsinin zəruriliyi ideyası meydana gəlib. Çünki MDU dünyanın aparıcı təhsil müəssisələrindən biridir və əlbəttə ki, bu cür təhsil müəssisəsinə müstəqil, ayrıca bina lazımdır. Mən şadam ki, uğurlu yer seçilib. Bura şəhərin mərkəzindən çox uzaq deyildir. Lakin Azərbaycan paytaxtının sürətlə inkişafını və bizim infrastrukturu təkmilləşdirmək planlarımızı nəzərə alsaq, mən əminəm ki, bir neçə ildən sonra bu yer daha çox məskunlaşacaqdır. Bizim burada, bu zonada tələbə şəhərciyi yaradılması ilə bağlı müəyyən planlarımız var. Başqa sözlə, gələcəkdə, yeni ali təhsil müəssisələri yaradılarsa, yəqin ki, onlar burada yaradılacaq. Eyni zamanda, bəzi ali məktəblərimizin bu zonaya köçürülməsi ilə bağlı ideyalar da vardır ki, şəhərimizin infrastrukturunun tərəqqisində məhz tədris-tələbə istiqamətini burada inkişaf etdirək.

Mən çox şadam ki, qısa müddətdə filial ölkəmizdə böyük nüfuz qazanıb. Filialın rəhbərliyi MDU-nun rəhbərliyinin dəstəyi ilə sıfırdan başlayaraq artıq böyük nüfuz qazanmış və gənclərin can atdığı ali təhsil müəssisəsi yarada bilib. Buradakı tədris prosesi, kadrların seçilməsi sistemi, əlbəttə ki, logistika infrastrukturu və avadanlıq təhsil üçün gözəl şərait yaradır. Ən başlıcası isə hazırda biz MDU-nun Bakı filialının simasında Azərbaycanda dünya səviyyəli ali təhsil müəssisəsi görürük. Çünki artıq dediyim kimi, MDU dünyanın nüfuzlu təhsil müəssisələrindən biri, böyük ənənələrə malik universitet, Rusiyanın aparıcı təhsil ocağıdır. Əlbəttə ki, MDU-da tədrisin səviyyəsi onun filialının harada olmasından asılı olmayaraq qoruyub saxladığı standartdır. Bildiyimə görə MDU-nun Bakı filialında da təhsilin səviyyəsi çox yüksəkdir.

Bu gözəl gündə, əvvələn, bir neçə il ərzində, əslində sıfırdan müasir təhsil müəssisəsi yaratmış MDU-nun rektoru, bizim böyük dostumuz Viktor Antonoviç Sadovniçiyə, universitetin Bakı filialının rektoru Nərgiz Paşayevaya, habelə bütün həm yerli, həm də moskvalı müəllimlərə təşəkkürümü bildirmək istəyirəm. Artıq dediyim kimi, filial cəmi bir neçə ildir fəaliyyət göstərir. Bu il ilk buraxılışı olub. Lakin artıq bu gün biz nəticələri görürük. Düşünürəm ki, yaxın illərdə Azərbaycanda filialın məzunlarının fəaliyyətinin nəticələrini görəcəyik.

Ölkəmiz fəal surətdə inkişaf edir. Ölkəmizin həyatının bütün sahələri dinamik inkişaf edir. İqtisadiyyat dünya miqyasında ən yüksək templərlə inkişaf edir. Əlbəttə, qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi, biz o saat müsbət dinamika görürük. Çünki iş dərhal düzgün təşkil edilir və biz dərhal peşəkarlıq, öz işinə sədaqət görürük. Çünki müasir dünyada bunsuz hər hansı bir ölkənin müvəffəqiyyət qazanması çox çətin olardı. Müasir dünyada ölkələrin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir. Biz şadıq ki, bu gün Azərbaycanda yüksək savadlılıq səviyyəsini qoruyub saxlamağa nail olmuşuq. Savadlılığın səviyyəsi faktiki olaraq 100 faizdir. Biz təhsilin inkişafı üçün çox iş görür və bu sahəyə olduqca çox sərmayə yatırırıq. Son səkkiz ildə Azərbaycanda təhsil xərcləri altı dəfə artaraq 1,5 milyard manat səviyyəsinə çatıb. Bu da büdcəmizin bütün məxaric hissəsinin on faizindən bir qədər azdır. Yəni, Azərbaycanda təhsil xərcləri müdafiə xərcləri ilə birinci və ikinci yerləri bölüşür. Bu isə bizim üçün məhz düzgün tədris prosesinin nə qədər əhəmiyyətli olduğuna, Azərbaycan gənclərinin onlara həyatda lazım olan bilikləri əldə edə biləcəkləri belə bir tədris sisteminin yaradılmasının nə qədər əhəmiyyətli olduğuna dəlalət edir.

Hər bir gənc vəzifə tutmağa və yaxşı biliklərə yiyələnməyə çalışır və ya çalışmalıdır. Bazar iqtisadiyyatı, azad rəqabət, açıq bazar və bütövlükdə dünyada rəqabət şəraitində fundamental biliklər olmadan həyatda öz yerini tapmaq bəzən çox çətin olur. Azərbaycanda şəxsiyyətin inkişafı, öz yolunu sərbəst seçmək üçün hər cür şərait yaradılmışdır. Buna görə də gənclər biliklərə yiyələnməyə can atmalıdır. Biliklər əldə etmək üçün isə yalnız istək kifayət deyildir. Tədris prosesi lazımi səviyyədə təşkil edilməmişdirsə, tədrisin səviyyəsi axsayırsa, tələbələr bilik qazanmağa nə qədər can atsalar da, nəticə əldə etmək çətin olacaqdır. Bax, MDU-nun Azərbaycandakı filialı çərçivəsində biz tədrisin səviyyəsinin yüksək olduğunu, habelə gənclərin biliklərə yiyələnməyə can atdıqlarını görürük.

Filial, onun fəaliyyəti tədricən, mərhələ-mərhələ yaradılmış və inkişaf etmişdir. Əlbəttə, təkcə infrastruktur və texniki tərəfi mərhələ-mərhələ inkişaf etməmişdir, - dediyim kimi, biz bu gün gözəl bir binanı açırıq, - həm də fakültələrin sayı ilbəil artır. Bu da bizim ümumi istəyimiz idi. Biz bu gün də Viktor Antonoviçlə bu məsələni müzakirə etdik, qısa fikir mübadiləsi apardıq. Bir daha demək istəyirəm ki, biz imkan daxilində fakültələrin sayının artırılmasında maraqlıyıq. Çünki birgə əməyimizin nəticəsi olan indi gördüklərimiz böyük nikbinlik doğurur. Əlbəttə, fakültələrin sayının məhz ölkəmizin inkişafı üçün daha mühüm maraq kəsb edən istiqamətlər üzrə artırılması prioritet olmalıdır.

Əminəm ki, MDU-nun filialının yaradılması Azərbaycanda elmin inkişafına yeni təkan verəcəkdir. Biz buna da böyük əhəmiyyət veririk. Mən Elmlər Akademiyasının illik toplantısında elmi ictimaiyyətlə son görüşümdə də Azərbaycan elmi qarşısında duran vəzifələr üzərində kifayət qədər ətraflı dayandım.

Biz ölkəmizin elmi potensialını hər vəchlə inkişaf etdirməliyik. Əlbəttə ki, biz bütün məsələlərdə müasir cəmiyyətin və müasir dünyanın reallıqlarına əsaslanırıq. Biz realistik. Əlbəttə ki, hansısa ciddi elmi tədqiqatlarda Azərbaycanın model qanunvericisi olacağını gözləmək sadəlövhlük və vaxtı qabaqlamaq olardı. Amma bizim mütləq həll etməli olduğumuz məsələ dinamik inkişaf edən istiqamətlərdə qabaqcıl elmi təcrübəni mümkün qədər tez mənimsəməkdir. Bu barədə mənim tərəfimdən müvafiq göstərişlər verilib.

Müasir texnologiyalarsız heç bir ölkənin inkişafı mümkün deyildir. Bu gün XXI əsrdə, XXI əsrin əvvəlində bu, artıq müasir həyatın reallığına çevrilib. Elmi araşdırmalarda liderlik edən ölkələr dünyanın siyasi xəritəsində liderlik edəcəklər. Ona görə də, biz çox güclü intellektual potensial yaratmalıyıq. Məsələn, biz bütün məktəblərin kompyuterləşdirilməsi prosesini yekunlaşdırırıq. İndi 30 şagirdə bir kompyuter düşür. Amma 7-8 il əvvəl 2 min şagirdə bir kompyuter düşürdü. Biz, hətta Azərbaycanın ən ucqar regionlarında da internetə maneəsiz çıxış imkanı yaradırıq. İndi Azərbaycanda internet istifadəçilərinin sayı artıq 65 faizi ötüb. Azərbaycanda internet azaddır.

Biz kosmik sənaye yaradırıq. Bəziləri düşünə bilər ki, Azərbaycan buna hələ tam hazır deyildir. Ancaq biz kosmik sənaye yaradırıq, ilk süni peykimizi buraxırıq. Gələcəkdə də bu istiqamətdə işimizi davam etdirəcəyik. İnkişafın çox mühüm istiqaməti olan informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə reytinqdə biz regionumuzda lider mövqe tuturuq. Yəni, elmin inkişafı cəmiyyətin inkişafı deməkdir. Ölkənin intellektual potensialının inkişafı ölkənin gələcəyidir. Bizim vəzifəmiz ölkəmizdə müşahidə edilən dinamik iqtisadi artımı, dünya arenasında mövqelərimizin möhkəmləndirilməsini çox böyük intellektual potensialla gücləndirməkdən ibarətdir.

Bunun üçün bütün imkanlar vardır. İlk növbədə, ənənələr mövcuddur. Azərbaycanda sovet dövründə elm çox güclü inkişaf edib. Biz görkəmli alimlərimizlə fəxr edirik. Sonra, təbii ki, tənəzzül oldu. Ancaq bu tənəzzül yalnız bizdə deyil, bütün postsovet məkanında baş verdi. Keçmiş SSRİ-nin praktiki olaraq, bütün ölkələrində çox ağır iqtisadi durum yaranmışdı. Elmi və pedaqoji elita ağır vəziyyətdə idi. Biz hamımız cəmiyyətdə elmi ziyalıların nüfuzunun təəssüf ki, aşağı düşdüyü o çətin illəri xatırlayırıq. O zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar, təəssüf ki, sosial statuslarına görə ziyalılardan daha üstün vəziyyətdə idilər. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var idi. Ancaq Azərbaycanın iqtisadi potensialı möhkəmləndikcə elmə də, təhsilə də daha çox vəsait ayrılır. Elmi işçinin, müəllimin hörmət və nüfuzunu artırmaq bizim siyasətin vacib vəzifəsidir. Biz buna doğru gedirik. Çox iş görülüb.

Moskva Dövlət Universitetinin Azərbaycandakı filialı kimi belə müasir elm mərkəzlərinin yaradılması, həmçinin düzgün istiqamətə doğru addımdır. Biz gələcəkdə də təhsilin inkişafına sərmayə qoyacağıq. Biz məsələni kompleks şəkildə nəzərdən keçiririk - məktəblərin tikintisi və məktəbəqədər təhsil. Son illərdə Azərbaycanda 2200, bəlkə daha çox məktəb binası inşa edilib. Məktəblər təmir olunur. Gələn ilin sonuna qədər Bakıda təchizatına və təmirinə görə bu səviyyədə olmasa da, hər halda yüksək səviyyədə olmayan bir məktəb də qalmayacaq. Əlbəttə ki, ali təhsil, bir daha demək istəyirəm ki, bizim diqqət mərkəzimizdə olan sahədir. Bu, sosial sferadır, iqtisadi sferadır, cəmiyyətimizin əxlaqi-mənəvi əsaslarının formalaşdığı sferadır.

Bunlar əlbəttə ki, ailədə yaranır. Amma istər məktəb, istərsə də ali təhsil müəssisəsinin bu məsələdə rolu böyükdür. Cəmiyyətimizin möhkəm dayağı əxlaqi-mənəvi meyarlardır. Bizim cəmiyyətimiz bu dəyərlərə əsaslanır. Biz bunları həm iqtisadi potensialla, həm fəal xarici siyasi fəaliyyətimizlə, həm də intellektual potensialla möhkəmləndirməliyik. Bunsuz heç bir ölkənin uğurlu inkişafı mümkün deyildir. Böyük təbii resurslara, şaxələndirilmiş infrastruktur şəbəkəsinə malik ola bilərsən, ancaq dinamika olmasa, ildən-ilə tərəqqiyə, yeni texnologiyaları təkmilləşdirməyə və inkişaf etdirməyə cəhd olmasa bu inkişaf, sadəcə, ləngiyəcək, dayanacaqdır. Bu cür ölkələrin vəziyyəti çox ağır olacaqdır.

Cəmiyyətin intellektual inkişafı həm də cəmiyyətin sabitliyidir. Əgər cəmiyyət yüksək intellektual səviyyədədirsə, savadlıdırsa kənardan gətirilən heç bir qüsurlu təzahürlər və meyillər heç vaxt onu sarsıda bilməz. Müasir dünyada, xüsusən də, kifayət qədər inkişaf etməmiş ölkələrdə, bir çox problemlər məhz təhsilin çatışmazlığı ilə əlaqəlidir. Bir çox müharibələr, bir çox münaqişələr, bir çox iğtişaşlar məhz təhsilin səviyyəsinin son dərəcə aşağı olması ilə bağlıdır. Bunu statistikada, hətta savadlılıq səviyyəsinə görə aydın görmək olar. Savadlılıq səviyyəsinin yüksək və aşağı olduğu ölkələrdə onların iqtisadi və intellektual potensialına baxsaq hər şey aydın olacaq: savadlılıq səviyyəsi ölkənin inkişaf səviyyəsinə və bu ölkələrdə baş verən proseslərə tam müvafiqdir. Odur ki, bizim üçün təhsilin yüksək səviyyəsi, Azərbaycan xalqının intellektual potensialının yüksək səviyyəsi ekstremizmə, populizmə, yalan vədlərə, kənardan təzyiqlərə qarşı peyvənddir. Cəmiyyət nə qədər çox savadlı və erudisiyalı olsa, o, bir o qədər də özünü təmin edən, daha ləyaqətli və hər cür gözlənilməz hallardan sığortalanmış olacaqdır. Ona görə də, bu məsələlərin hamısı bir-biri ilə sıx bağlıdır.

Çıxışımı yekunlaşdıraraq, demək istərdim ki, son nəticədə bu proseslərin mərkəzində insan, vətəndaş durur. Çox fəal sosial siyasətin həyata keçirildiyi Azərbaycanda bizim bütün planlarımızın, ideyalarımızın və nailiyyətlərimizin mərkəzində insan dayanır. Təsadüfi deyil ki, bir neçə il əvvəl mən "qara qızıl"ı insan kapitalına çevirək" şüarını irəli sürmüşdüm. Düşünürəm ki, biz bu istiqamətdə istəyimizə nail ola biləcəyik. Yəni ki, bu proses davam edir, bütün planlarımızın, sərmayələrin, ideyaların mərkəzində insan, Azərbaycan vətəndaşı, onun hüquqları, azadlıqları, rifahı, təhlükəsizliyi durur.

Əminəm ki, Moskva Dövlət Universitetinin Bakı filialı bundan sonra da ən yüksək tələblərə cavab verəcək, inkişaf edəcək, tələbələrin və fakültələrin sayı artacaq və biz hamımız sizin yeni uğurlarınıza sevinəcəyik. Sizi bir daha təbrik edirəm, hamınıza uğurlar arzulayıram".

AzNews.az