Ukrayna mətbuatı Xocalı soyqrımına geniş yer ayırdı

Xocalı soyqırımının 23-cü ildönümündən bir müddət ötdüyünə baxmayaraq Ukraynanın aparıcı televiziya kanalları və kütləvi informasiya vasitələri həyacan dolu məlumatlar yaymaqda davam edirlər.



AZNEWS.AZ xəbər verir ki, Xocalı faciəsini 20-ci əsrin qan donduran vəhşilik aktı kimi təqdim edən "Ukrinform" informasiya agentliyi, "Newsplanet" xəbərlər portalı, bir sıra aparıcı televiziya və kütləvi informasiya vasitələri erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız qəddarlıqları bəşər tarixinin vəhşilik səlnaməsi adlandırıblar.

Media qurumları arasında 3 gün səhifələrini Xocalı soyqrımına həsr edən "Newsplanet" informasiya portalı isə indiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməyən beynəlxalq təşkilatları və dünya birlyini ədalət prinsiplərinə riayət etməməkdə günahlandırıb.

Xocalı soyqrımına xüsusi yer ayıran Ukraynanın 1-ci UTR televiziya kanalı isə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ probleminin yaranma səbəblərini çoxmilyonlu tamaşaçı auditoriyasına Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlidən hazırladıqları yarım saatlıq xüsusi proqramın vasitəsi ilə çatdırıblar.

Peyk vasitəsi ilə dünyanın 128 ölkəsinə yayımlanan dövlət televiziyasında aparıcı jurnalistin çoxsaylı suallarına cavab verən səfir Eynulla Mədətli ermənilərin son iki əsrdə xarici havadarlarının gücünə arxalanaraq Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirtdikləri mərhələli işğalçılıq və soyqrım siyasətini tarixi faktlarla diqqətə çatdırıb. Xocalı faciəsində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım siyasətinin tərkib hissəsi olduğunu bildirib. Səfir həmçinin, qurucusu və baş memarı Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin qlobal iqtisadi inkişaf tempindən söz açaraq prezident İlham Əliyevin rəhbərliyi altında istənilən zaman Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu vurğulayıb. Xocalı soyqırımı ilə bağlı Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkil etdiyi tədbirləri geniş işıqlandıran Çerniqov, Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin regional televiziya və media qurumları da ermənilərin xalqımıza qarşı törətdikləri qəddarlıqlar haqqında xüsusi reportajlar yayımlayıblar. Dnepropetrovsk vilayətinin regional televiziyasına müsahibə verən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov ermənilərin 23 il bundan öncə Xocalıda törətdikləri qəddarlıq aktını 20-ci əsrin ən amansız soyqrım siyasəti adlandırıb. Ukrayna parlamentini Xocalı soyqırımına həssas münasibət bəsləməyə səsləyən fəxri konsul bəşər tarixinin belə bir qəddarlıq səlnaməsini soyqırım aktı kimi qəbul etməyə çağırıb.

Xarkov vilayət televiziyası isə Xocalı şəhərində baş verən bəşəri cinayəti təqdim etməzdən öncə urəyi zəif olan və yaşı 18-ə çatmayan uşaqların ekrandan uzaq olmalarını elan etməklə erməni qəddarlığının nə qədər dözülməz olmasını nümayiş etdiriblər.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xocalı soyqırımı ilə bağlı hazırladığı "Haradadır ədalət! Xocalıya Ədalət!" video çarxda Ukraynanın bir sıra televiziya kanallarının və informasiya portallarının diqqətindən yayınmayaraq yayımlanmağa başlayıb. Ukraynanın 5-ci televiziya kanalı və "Newsplanet" informasiya portalı "Xocaliya Ədalət" video çarxını yayımlamaqla Xocalı soyqırımının uşaqlara vurduğu mənəvi, psixoloji zərbənin gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu xarakterizə edərək ölkə ictimaiyyətini Ukraynanın indiki ağır dönəmində Xocalı qətliamından tarixi dərs çıxarmağa səsləyiblər.